Laçında yeni fabriklər açıldı, İlham Əliyev kanat yolunun təməlini qoydu - YENİLƏNİB+FOTOLAR


Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də "LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

AFN.az xəbər verir ki, "Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısı İlham Əliyevə fabrik barədə məlumat verib.



Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş "Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.



Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri "LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.



Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.

"Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də "PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır.



Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.



Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.



"Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.



Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. "Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.



Bildirildi ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün "Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.



Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdaretmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, "yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçısına görüləcək işlər barədə məlumat verdi.



Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinə ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu