Kars-Iğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməli sabah qoyulur

Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu sabah təməli qoyulacaq Kars-Iğdır-Aralık-Dilucu dəmiryolu xətti barədə açıqlama verib.
Uraloğlu açıqlamasında layihə barədə fikirlərini bölüşərək qeyd edib ki, xətt Zəngəzur dəhlizinin əsas hissələrindən biri olacaq: “Daha əvvəl 2,4 milyard avro xarici kredit təmin etdiyimiz bu xətt ölkəmizə valyuta girişi təmin edəcək. Kars-Iğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin tam investisiya dəyəri təxminən 110 milyard lirə olacaq”.
Nazir əlavə edib ki, xətt 224 kilometr uzunluğunda, cüt xəttli, elektrikləşdirilmiş və siqnalizasiya ilə təmin olunmuş şəkildə inşa ediləcək. O, sözlərinə belə davam edib:
“İldə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik bu xətt yalnız logistika baxımından deyil, inşaat keyfiyyəti, tunel və körpü tipli konstruksiya dizaynı kimi elementlərlə də yüksək mühəndislik nümunəsi olacaq. Xəttin inşasında 5 tunel, 19 aç-bağla tunel, 3 körpü tipli konstruksiya, 10 körpü, 144 alt keçid, 27 üst keçid və 480 suötürücü yer alacaq. Xəttimizi 2029-cu ilin sonuna qədər tamamlamağı hədəfləyirik”.
Uraloğlu Türkiyənin geostrateji mövqeyinin qlobal təchizat zəncirlərində müəyyənedici rol oynadığını vurğulayıb: “Bu gün dünyada təhlükəsiz, proqnozlaşdırı bilən və dayanıqlı nəqliyyat marşrutları müzakirə olunur. Türkiyə bu kontekstdə geostrateji bir təhlükəsizlik adası kimi önə çıxır və Zəngəzur dəhlizi və onun ayrılmaz hissəsi olan, təməli qoyulacaq Kars-Iğdır-Aralık-Dilucu xətti bunun konkret göstəricilərindəndir. Zəngəzur dəhlizi fəaliyyətə keçdikdə, ölkəmiz Asiya ilə Avropa arasında ən sabit əlaqə nöqtəsinə çevriləcək”.
Nazir həmçinin Zəngəzur dəhlizinin bölgəyə və Türkiyəyə gətirəcəyi strateji faydalara diqqət çəkərək “Zəngəzur dəhlizi sayəsində Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət yolu açılacaq. Avrasiya tədarük xətlərini gücləndirəcək bu addım Türkiyəni yalnız tranzit ölkə deyil, regional inkişaf və əməkdaşlıq mərkəzinə çevirəcək və orta dəhlizin yük daşıma qabiliyyətini artıracaq. Bu layihə yalnız dəmiryolu deyil, həm də regional uyğunluq, təhlükəsizlik və iqtisadi inkişafın infrastrukturudur. Türkiyə şərq və qərb arasında yalnız bir körpü deyil, həm də sabitlik oxuna çevrilir” deyə əlavə edib.