Hantinqton xəstəliyində ilk dəfə müalicə uğurla sınaqdan keçirildi
İngiltərədəki London Universitet Kollecinin (UCL) alimləri Hantinqton xəstəliyinin gedişatını ləngidən ilk müalicəni hazırlayıb. Əldə olunan nəticələr elmi dairələrdə cığır açan irəliləyiş kimi qiymətləndirilib.
Hantinqton xəstəliyi hərəkət, düşüncə və emosiyalara təsir edən, irsi və indiyədək müalicəsi olmayan beyin pozuntusu kimi tanınır.
Erkən mərhələ klinik sınaqlarında iştirak edən 29 nəfərdən yüksək doza alan xəstələrdə 36 ayın sonunda xəstəliyin inkişafı 75 faiz yavaşlayıb.
Müalicəni hazırlayan Niderland və ABŞ mərkəzli gen terapiyası şirkəti uniQure bildirib ki, “AMT-130” adlı gen terapiyası bir dəfə tətbiq olunmaqla ömür boyu təsir göstərə bilər.
“Bu nəticə hər şeyi dəyişir”
Araşdırmanın rəhbəri professor Ed Vayld deyib ki, bu nəticə Hantinqton xəstəliyində ilk dəfə olaraq xəstəliyin gedişini dəyişdirən müalicəyə nail olduğumuzu göstərir. "AMT-130" təsdiqlənərsə, bu, dünya miqyasında dönüş nöqtəsi olacaq. Onun sözlərinə görə, sınaqlarda iştirak edən xəstələr böyük cəsarət göstərərək beyin əməliyyatına razılıq verib, bəzi xəstələr isə uzun müddət stabil qalıb. Hətta müalicədən sonra işə geri dönənlər də olub.
UCL professoru Sara Tabrizi isə bildirib ki, bu araşdırma 36 ayın sonunda statistik cəhətdən əhəmiyyətli nəticələr ortaya qoydu: "Hantinqton xəstəliyində ilk dəfə bu qədər güclü sübut görürük. "AMT-130" xəstələrin gündəlik fəaliyyətlərini qorumağa, iş həyatında daha uzun müddət qalmağa və xəstəliyin inkişafını nəzərəçarpacaq dərəcədə yavaşlatmağa imkan verə bilər”.
Mütəxəssislər hesab edirlər ki, bu müalicə təsdiqlənəcəyi halda Hantinqton xəstəliyində inqilabi addım olacaq və xəstələr üçün böyük ümid yaradacaq.


