Muradov qardaşlarının şirkəti bir ilə 2,9 milyonluq tender qazanıb


Balakən Rayon İcra Hakimiyyəti Balakəndə küçələrin təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi ATF MMC seçilib. Küçələrin təmirinə görə şirkətə 344 592,1 manat ödəniləcək.

ATF MMC “tender kralı” kimi tanınan şirkətlərdən biridir. Dövlət satınalmalarında fəal iştirak edən və əsasən küçə, yol təmiri ilə bağlı iri məbləğli tenderlərin qalibi seçilən bu şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı da onların adlarının baş hərflərindən götürülüb.

ATF MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı cəmi 20 manatdır. Şirkətə Azad Muradov rəhbərlik edir. Qeyd olunur ki, şirkət məmurlardan biri tərəfindən himayə olunur, lakin bu məlumat hələlik dəqiqləşdirilməyib.

ATF MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil. Çünki şirkət haqqında açıq mənbələrdə demək olar ki, heç bir məlumat yoxdur. 22 ildir fəaliyyət göstərməsinə baxmayaraq, ATF MMC-nin nə əlaqə telefonları, nə də internet səhifəsi mövcuddur.

ATF MMC ilə əsasən yerli icra hakimiyyətləri əməkdaşlıq edir. Şirkət çox vaxt rayon icra hakimiyyətlərinin infrastruktur layihələri üzrə elan etdiyi tenderlərin qalibi seçilir.

Şirkət cari ildə 6 tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 933 656,45 manat təşkil edir. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdir və o, 2011-ci ildən bu vəzifədə çalışır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu