İlham Əliyev TDT-yə üzv ölkələrin 2026-cı ildə Azərbaycanda birgə hərbi təlim keçirməsini təklif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin 2026-cı ildə Azərbaycanda birgə hərbi təlim keçirməsini təklif edib.
Prezident bu fikri Azərbaycanın Qəbələ şəhərində keçirilən TDT-nin 12-ci Zirvəsində çıxışı zamanı səsləndirib.
Dövlət başçısı bildirib ki, TDT artıq sadəcə əməkdaşlıq platforması deyil, həm də ciddi geosiyasi mərkəzə çevrilib və təşkilatın beynəlxalq nüfuzunun artması məmnunluq doğurur.
İlham Əliyev ortaq tarix, mənəvi dəyərlər və etnik köklərin türk dünyasını bir ailə kimi birləşdirdiyini qeyd edərək, təşkilata dəstək məqsədilə TDT Katibliyinə 2 milyon dollar vəsait ayrıldığını açıqlayıb.
Prezident vurğulayıb ki, sabitlik, əlverişli geosiyasi mövqe, nəqliyyat və logistika imkanları, təbii resurslar və artan hərbi potensial Türk Dövlətləri Təşkilatını qlobal arenada mühüm aktora çevirib:
“Sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Naxçıvan Sazişində də bu prinsiplər təşkilatımızın başlıca vəzifələri kimi qeyd olunub. Dünyada təhlükəsizlik problemlərinin artdığı bir dövrdə türk dövlətlərinin vahid güc kimi hərəkət etməsi vacibdir”.
Əliyev qeyd edib ki, beynəlxalq hüququn prinsiplərinin pozulduğu bir zamanda hərbi və hərbi-texniki əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan ilə Türkiyə arasında bu sahədə dərin əməkdaşlıq mövcuddur. Son bir ildə Türkiyə ilə 25-dən çox birgə təlim keçirmişik. TDT ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlim keçirməsini təklif edirəm”.
Prezident bildirib ki, müasir dünyada hərbi güc hər bir dövlətin müstəqilliyinin əsas təminatıdır. O, İkinci Qarabağ müharibəsində əldə edilən qələbəni və Azərbaycanın ərazi bütövlüyünün bərpasını xatırladaraq, şəhidlərin xatirəsinin heç vaxt unudulmayacağını vurğulayıb.
İlham Əliyev həmçinin Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının nəqliyyat inteqrasiyası baxımından mühüm nəticə olduğunu deyib və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Prezident çıxışının sonunda işğaldan azad edilmiş ərazilərdə məktəb və digər sosial obyektlərin inşasında iştirak edən TDT ölkələrinə təşəkkür edərək, bu qardaş dəstəyinin daim qiymətləndiriləcəyini bildirib.





