Alimlər hər qan qrupuna uyğun universal böyrək hazırlayıb
Kanada və Çin alimləri orqan transplantasiyalarında inqilab yaradacaq bir nailiyyət əldə ediblər. On ildən çox davam edən araşdırmalar nəticəsində hər hansı qan qrupuna malik xəstəyə köçürülə biləcək universal böyrək hazırlanıb.
Normal şərtlərdə böyrək transplantasiyalarında donor və alıcının qan qruplarının uyğunluğu vacibdir. Xüsusilə O qrupu xəstələr yalnız O qrupu böyrək ala bilir. Bu isə dünya üzrə transplantasiya siyahılarının yarısından çoxunu təşkil edən O qrupu xəstələr üçün gözləmə müddətini dramatik şəkildə uzadır.
Alimlər bu problemi aşmaq üçün A qrupu böyrəyi O qrupu böyrəyə çevirməyi bacarıblar. Araşdırmada qan qrupunu müəyyən edən şəkər molekullarını (antigenləri) böyrəkdən “kəsib çıxaran” xüsusi fermentlərdən istifadə edilib.
Araşdırmanın baş müəllifi, Kanadadakı British Columbia Universitetindən Biokimyaçı Stefen Vayters “Qan qrupu antigenlərini təmizlədikdə, immun sistemi artıq orqanı yad olaraq görmür” deyib.
Araşdırma qrupu çevrilmiş böyrəyi beyin ölümü baş vermiş bir insanda qısa müddətli test edib. Böyrək bir neçə gün işləməyə və sidik istehsal etməyə davam edib. Lakin üçüncü gün qan dövranında yenidən A tip molekullar görünməyə başlayıb və yüngül immun cavab əmələ gəlib.
Vayters bildirib ki, bu reaksiya gözləniləndən xeyli zəif idi, bədən böyrəyi qəbul etməyə çalışırdı: “Bu, uzun müddətli perspektivdə ümidverici bir siqnaldır”.
ABŞ-da hər gün orta hesabla 11 nəfər böyrək transplantasiyasını gözləyərkən həyatını itirir. Araşdırmanın müəlliflərinə görə, bu metod inkişaf etdirilərsə, qan qrupu uyğunluğu olmadığı üçün orqan gözləyən minlərlə xəstənin həyatı xilas edilə bilər.
Alimlər indi metodun uzunmüddətli davamlılığını və təhlükəsizliyini test etməyi planlaşdırırlar. Canlı insan üzərində sınaqlara başlamazdan əvvəl böyrəyin immun cavablarına qarşı tam qoruma təmin edəcək ferment kombinasiyaları üzərində işlənir.
Araşdırmanın nəticələri Nature Biomedical Engineering jurnalında dərc olunub.



