Polşa kütləvi sığınacaqların tikintisinə başlayır
Polşa hakimiyyəti 2026-cı ildə ölkə daxilində sığınacaqların kütləvi tikintisi və mövcud yerlərin modernləşdirilməsi proqramının icrasına start verəcək.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə daxili işlər və administrasiya naziri Marçin Kervinski Vrotslavda keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, hökumət artıq mövcud olan sığınacaq yerlərinin standartlara uyğunlaşdırılması üçün 2026-cı il büdcəsindən 2,4 milyard zlotı (təxminən 680 milyon dollar) ayırıb.
Nazir vurğulayıb ki, 2025-2026-cı illər üçün yerli özünüidarəetmə orqanlarına ümumilikdə 5 milyard zlotı (təxminən 1,4 milyard dollar) vəsait veriləcək. Yeni qaydalara əsasən, 2026-cı il yanvarın 1-dən etibarən tikilən hər bir yeni çoxmənzilli bina və ya ictimai obyekt yeraltı parkinqi olduğu təqdirdə müvəqqəti sığınacaq kimi istifadəyə yararlı şəkildə layihələndirilməlidir.
Bu təşəbbüs ilk növbədə ölkənin şərqində - "Şərq qalxanı" (Tarcza Wschód) müdafiə xəttinin qurulduğu zonada və digər yüksək riskli ərazilərdə həyata keçiriləcək. Polşa hökuməti həmçinin vətəndaşların ən yaxın sığınacaq yerini tapması üçün "Gdzie się ukryć" (Harada gizlənməli) adlı xüsusi mobil tətbiq və veb-saytı da istifadəyə verib.
Mütəxəssislərin rəyinə görə, hazırda ölkədəki mövcud peşəkar sığınacaqlar əhalinin yalnız 3 faizini qəbul edə bilər, yeni proqram isə bu göstəricini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

