Taylandda 72 pələng xəstəlikdən öldü - Araşdırma başladı



Taylandın şimalındakı Çianq-May şəhərində yerləşən məşhur turistik mərkəzdə onlarla pələngin tələf olması ilə bağlı rəsmi qurumlar genişmiqyaslı araşdırmaya başlayıb.

AFN.az-ın məlumatına görə, “Tiger Kingdom Chiang Mai” kompleksinə aid müəssisələrdə iki həftədən də qısa müddət ərzində 72 pələng ölüb.

Yerli heyvandarlıq idarəsi ölmüş heyvanlardan götürülən nümunələrdə “canine distemper” (itlərin gənclik xəstəliyi) virusunun aşkarlandığını açıqlayıb. Milli Heyvandarlıq İdarəsinin direktoru Somçuan Ratanaminqlanon bildirib ki, pələnglərdə xəstəliyi fərq etmək ev heyvanlarına nisbətən daha çətindir: “Xəstə olduqlarını fərq etdiyimizdə artıq çox gec idi”.

İlkin araşdırmalarda “feline parvovirus” ehtimalı üzərində dayanılsa da, bəzi yerli rəsmilər epidemiyanın pələnglərə verilən çiy toyuq ətindən qaynaqlandığını iddia edirlər. Oxşar hadisə 2004-cü ildə quş qripi epidemiyası zamanı 150 pələngin ölümü ilə nəticələnmişdi.

Xəstəliklərə Nəzarət İdarəsi işçi heyətin yoluxmadığını, lakin 21 gün ərzində nəzarət altında saxlanılacağını açıqlayıb. Heyvan haqları təşkilatları isə bu hadisənin vəhşi heyvanların ağır yaşam şəraitini nümayiş etdirdiyini bildirirlər. “Tiger Kingdom Chiang Mai” dezinfeksiya işləri səbəbindən iki həftəlik ziyarətə bağlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu