İran hökumətindən tələbələrə dialoq çağırışı
İran hökumətinin sözçüsü Fatma Mühacerani universitetlərdə müxalif fikirli tələbələr arasında baş verən hadisələrə münasibət bildirərkən "Hökumət universitetlərdəki tələbələri dinləməyə hazırdır" deyib.
AFN.az-ın məlumatına görə, Mühacerani paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələlərə toxunub.
Universitet tələbələrinin gənc və aktiv olduğunu vurğulayan sözçü bildirib ki, tələbələrin etiraz etmək hüququ var, lakin hamı qırmızı xətlərə riayət etməlidir: "Müqəddəs dəyərlər və bayraq hər birimizin qırmızı xəttidir". Mühacerani tələbələrin qəzəbini anladıqlarını, lakin problemlərin dialoq yolu ilə həll edilməli olduğunu qeyd edib.
Hazırda bütün rəhbər heyətin ölkəni müharibə təhlükəsindən uzaqlaşdırmaq üçün səy göstərdiyini qeyd edən sözçü, hər kəsdən mövcud şəraiti düzgün qiymətləndirməyi və İranı parçalamaq planlarına qarşı durmağı xahiş edib. "İnanırıq ki, nə elmin inkişafı dayandırılmalı, nə də etiraz edənlərə maneə yaradılmalıdır" deyə o əlavə edib.
Xatırladaq ki, Tehranın bəzi universitetlərində fərqli baxışlara malik tələbə qrupları arasında qarşıdurma baş vermişdi. Küçə hadisələrində həyatını itirənləri anmaq üçün toplaşan tələbələrin bir qrupu rəhbərliyə dəstək şüarları səsləndirdiyi halda, digər qrup islahat tələbi ilə çıxış etmişdi. Baş verən hadisələr nəticəsində bəzi tələbələr xəsarət alıb.



