Rejim düşə bilər, Güney qorumasızdır! - "Traktor"un rəsmi hesabından Türkiyə və Azərbaycana müraciət
Təbrizin "Traktor" futbol klubunun rəsmi səhifəsi Güney Azərbaycan türkləri adından həyəcan təbili çalıb.
AFN.az xəbər verir ki, klubun sosial şəbəkə hesabından edilən paylaşımda bölgədəki vəziyyətin son dərəcə ağır olduğu və böyük təhlükələrin qapıda dayandığı bildirilir.
Təbrizli fəalların yaydığı müraciətdə qeyd olunur ki, şəhər ağır bombardman altındadır və mövcud idarəçiliyin süqutu an məsələsidir. Lakin ən böyük narahatlıq hakimiyyət boşluğundan istifadə edərək türk düşmənçiliyi ilə tanınan qüvvələrin, xüsusilə Pəhləvi tərəfdarlarının regionda nəzarəti ələ keçirmə ehtimalıdır.
"Biz Azərbaycan türkləri olaraq türk düşmanı olan Pəhləvi rejiminin geri qayıtmasını və ya oxşar faşist qrupların hakimiyyətini əsla qəbul etmirik! Güney Azərbaycanın gələcəyi bu qüvvələrin əlinə keçməməlidir".
Təbrizlilər rəsmi Bakı və Ankaraya səslənərək, Güney Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün təcili addımlar atılmasını xahiş edirlər: "Rejim tamamilə süqut edərsə, Türkiyə və Şimali Azərbaycan çevik hərəkət etməli, Güneyi qoruma altına almalıdır. Artıq vaxt gəldi!"



