Meksika ABŞ-yə diplomatik nota verib
Meksika Prezidenti Klaudiya Şeynbaum Çihuahua əyalətində cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat zamanı 2 ABŞ və 2 Meksika rəsmisinin həlak olması ilə bağlı ABŞ-yə diplomatik nota verildiyini bəyan edib.
AFN.az xəbər verir ki, Milli Sarayda keçirilən mətbuat konfransında danışan dövlət başçısı hadisənin ölkənin suverenliyinin pozulması mənasına gəlib-gəlmədiyinin araşdırıldığını bildirib. Şeynbaum Xarici İşlər Nazirliyinin ABŞ səfirinə məktub göndərərək bütün məlumatların təqdim edilməsini tələb etdiyini və bu məsələnin milli təhlükəsizlik mövzusu olduğu üçün ciddi qəbul edildiyini vurğulayıb.
Federal hökumətin xarici agentlərin sahə əməliyyatlarında iştirakından xəbərsiz olduğunu deyən prezident, heç bir əyalət rəhbərliyinin federal kanallardan kənar xarici qurumlarla təhlükəsizlik əməkdaşlığı qura bilməyəcəyini xatırladıb.
Qeyd edək ki, Çihuahua əyalət prokuroru Sezar Jaureqi Moreno aprelin 19-da verdiyi açıqlamada 2 yerli rəsmi və ABŞ səfirliyinin 2 əməkdaşının cinayətkar qruplaşmaya məxsus obyektin məhv edilməsindən qayıdarkən yük maşınının uçuruma yuvarlanması nəticəsində öldüyünü açıqlamışdı. "New York Times"ın iddiasına görə isə həlak olan ABŞ vətəndaşları əslində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları olub.
