Yaxın Şərqdəki müharibənin Aİ-yə enerji maliyyəsi 27 milyard avronu keçib



Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə səbəbindən Avropa İttifaqının () son 60 gündə fosil yanacaq idxalına 27 milyard avrodan çox əlavə vəsait xərclədiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamenti (AP) Baş Assambleyasının sessiyasında çıxış edən fon der Lyayen münaqişənin iqtisadi təsirlərinin illərlə davam edə biləcəyi barədə xəbərdarlıq edib. O, bu vəziyyətin dörd il ərzində yaşanan ikinci böyük enerji böhranı olduğunu vurğulayaraq, idxal edilən enerjidən həddindən artıq asılılığın dayandırılmasının vacibliyini qeyd edib.

Fon der Lyayen çıxışında Aİ-nin Ukraynaya ayıracağı 90 milyard avroluq kredit paketinə də toxunaraq, 2026-cı il üçün nəzərdə tutulan 45 milyard avroluq ilk hissənin bu rübdə paylanacağını bildirib. Bu vəsaitin üçdə birinin büdcə ehtiyaclarına, üçdə ikisinin isə Ukraynanın müdafiəsinə, o cümlədən 6 milyard avro dəyərində dron istehsalına ayrılacağını deyən Komissiya sədri, Rusiyaya qarşı 20-ci sanksiya paketinin də qəbul edildiyini xatırladıb. Onun sözlərinə görə, Kremlin internet və azad ünsiyyəti məhdudlaşdırması rus xalqının yenidən rəqəmsal "dəmir pərdə" arxasında yaşamasına səbəb olur.

Yaxın Şərqdəki gərginliklə bağlı fon der Lyayen müharibənin başlanmasından tam iki ay keçdiyini və ortaq hədəfin daimi sülhə nail olmaq olduğunu qeyd edib. O bildirib ki, hər hansı sülh sazişi Hörmüz boğazında naviqasiya azadlığının tam bərpasını və İranın nüvə habelə ballistik raket proqramlarının müzakirəsini əhatə etməlidir. Enerji təhlükəsizliyini təmin etmək üçün bərpa olunan və nüvə enerjisi kimi yerli mənbələrə üstünlük verilməsinin vacibliyini vurğulayan Aİ rəsmisi, üzv ölkələr arasında xüsusilə reaktiv yanacağı və dizel kimi məhsulların rezervləri məsələsində daha güclü koordinasiya təklif etdiklərini diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu