Mayami sakinləri Trampın prezident kitabxanasının tikintisinə qarşı məhkəmə iddiası qaldırıblar
Mayami sakinləri şəhər mərkəzində, sahilyanı ərazidə Donald Trampın prezident kitabxanasının inşasının dayandırılması tələbi ilə məhkəməyə müraciət ediblər.
AFN.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. İddiaçılar Florida rəsmilərinin tarixi Azadlıq Qülləsinin yaxınlığındakı 1,2 hektarlıq (dəyəri 67 milyon dollardan çox) torpaq sahəsini Trampa pulsuz verməsini qanunsuz hesab edirlər. Onların fikrincə, bu addım ABŞ Konstitusiyasının fəaliyyətdə olan prezidentə ştatlardan maaşdan əlavə hədiyyə və imtiyazlar almağı qadağan edən bəndini pozur.
Cavabdehlər qismində D.Tramp, onun kitabxana fondu, Florida qubernatoru Ron DeSantis və Mayami-Deyd Kolleci göstərilib. Ötən il razılaşdırılan layihəyə əsasən, burada şüşədən ibarət göydələn ucaldılacaq. Kompleksə kitabxana ilə yanaşı otelin də daxil edilməsi planlaşdırılır ki, bu da layihənin kommersiya xarakteri daşıdığı və Trampın ailəsinə gəlir gətirəcəyi iddialarına səbəb olub. Ağ Ev isə binanın ölkə tarixinə monumental töhfə verəcəyini bəyan edib.



