ADY-də ekonom sinif sərnişinlərinə su satılmır? - İDDİA


Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətindəki bəzi çatışmazlıqlar yenidən ictimaiyyətin və sərnişinlərin narazılığına səbəb olub. Sosial şəbəkələrdə qurumun göstərdiyi xidmət keyfiyyəti, xüsusən də vaqonlardakı təchizat və xidmət ayrı-seçkiliyi kəskin tənqid hədəfinə çevrilib.

AFN.az xəbər verir ki, sərnişinlərin əsas şikayətləri qatarlarda elementar tələbatların ödənilməməsi, sərnişinlər arasında sinif fərqinə görə ayrı-seçkilik edilməsi və rəsmi əlaqə vasitələrinin işləməməsi ilə bağlıdır.

Sosial şəbəkə istifadəçisi Akulova Aleksandra Bakı-Balakən marşrutu üzrə hərəkət edən qatardakı elementar xidmət çatışmazlığından gileylənib. O bildirib ki, keçən il eyni problemlə – vaqonlarda qaynar suyun olmaması ilə bağlı rəsmi müraciət etsə də, rəhbərlik tərəfindən problemin həll olunduğu bildirilib. Lakin reallıq fərqli olub:

“Hazırda Bakı-Balakən 64 nömrəli qatarının 4-cü vaqonunda Şəkiyə gedirəm. Qəhvə hazırlamaq üçün qaynar su istədim, lakin mənə bildirildi ki, qaynar su yoxdur və olmayacaq. Əgər vəziyyət dəyişməyibsə, niyə mənə "gələn dəfə qaynar su olacaq" deyildi? Deməli, sərnişinə sadəcə boş vəd verilib”.

Şikayətçi həmçinin ADY-nin qaynar xətt və kommunikasiya sisteminin də iflic olduğunu vurğulayıb: “Göstərilən nömrəyə zəng çatmır, WhatsApp isə işləmir. Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir. Sırf yalan məlumat verildiyi üçün Bakıya qayıdan kimi rəsmi qaydada yenidən şikayət edəcəyəm”.

Digər ciddi narazılıq isə Bakı-Gəncə sürət qatarında sərnişinlər arasında yaradılan xidmət disbalansı ilə bağlıdır. Şikayətçi İlkin Abbas yay mövsümündə sərnişinlərin qatarlarna susuzluqla sınağa çəkildiyini qeyd edib. Onun sözlərinə görə, qatardakı səyyar satış xidməti yalnız imtiyazlı sərnişinlər üçün əlçatandır:

“Gəncədən Bakıya qayıdıram. Vaqonlarda səyyar satış xidməti göstərilir, amma yalnız biznes və "standart +" sinifləri üçün. Ekonomda olanlar yada düşmür. Su almaq üçün digər vaqona keçmək istədikdə isə bələdçi icazə vermir. Bu istidə 4 saat su axtarışındayıq. Kondisionerlər də normal işləmir”.

İ.Abbas ADY-nin ekonom sinif xidmətindən istifadə edəcək sərnişinlərə xəbərdarlıq edərək, su tədarüklərini özləri ilə bol etmələrini məsləhət görüb.

Sərnişinlərin iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu