Günəş sistemində sirli kimyəvi maddə kəşf edilib
Günəş Sisteminin sanki iki fərqli ucunda yerləşən iki fərqli göy cismi elm dünyasına varlığından belə xəbər olunmayan kosmik bir tapmaca təqdim edib.
AFN.az xəbər verir ki, "James Webb" kosmik teleskopu milyardlarla kilometr uzaqlıqda, bir-birinə tamamilə zidd iki donmuş dünya olan Pluton və Titanın səthində daha əvvəl laboratoriyalarda rast gəlinməmiş ortaq bir molekulun izini tapıb.
Saturnun qalın atmosferi və maye metan gölləri ilə tanınan peyki Titan ilə sistemin ən qaranlıq sərhədlərində buz vulkanları ilə örtülmüş cırtdan planet Plutonda təəccüblü bir kəşfə imza atılıb.
Təkmilləşdirilmiş kosmik teleskop hər iki dünyanın səthində də kimliyi hələ müəyyənləşdirilməyən eyni sirli kimyəvi maddəni təsbit edib.
Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin rəhbərliyi altında beynəlxalq bir komandanın apardığı bu araşdırma Yer kürəsindən kənardakı üzvi kimyanın təxmin ediləndən daha geniş yayıla biləcəyini göstərir.
Elm adamları teleskopun güclü infraqırmızı müşahidə qabiliyyətindən istifadə edərək əslində Titanın iqlim quruluşunu və atmosfer komponentlərini öyrənməyi hədəfləyirdilər.
Lakin teleskopdan gələn məlumatları analiz edən tədqiqatçılar işıq spektrində daha əvvəl məlum olan heç bir element və ya birləşmə ilə uyğun gəlməyən qeyri-adi udulma xətti fərq ediblər.
İlk mərhələdə cihazlardan qaynaqlanan texniki bir səhv olduğu düşünülən bu vəziyyət teleskopun iki fərqli ölçmə aləti tərəfindən müstəqil şəkildə qeydə alındıqdan sonra dəqiqləşib.
Elementlərin özünəməxsus spektral barmaq izlərini araşdıran mütəxəssislər Titandakı bu yeni siqnalın laboratoriya qeydlərindəki maddələrlə tam üst-üstə düşmədiyini görüblər.
Araşdırma dərinləşdirilərkən elm dünyasını daha da təəccübləndirən bir hadisə baş verib.
Başqa bir müşahidə proqramı çərçivəsində Günəş sisteminin daha uzaq bir nöqtəsindəki Plutonu araşdıran kosmik teleskop eyni sirli kimyəvi imzanı cırtdan planetdə də qeydə alıb.
Üstəlik, bu siqnal Plutonda Titandakından daha üstün və aydın şəkildə ortaya çıxıb.
Titan və Pluton ölçü, temperatur, atmosfer təzyiqi və geoloji quruluş baxımından böyük fərqlərə sahib olsalar da, hər ikisi azot və metanla zəngin dünyalardır.
Mütəxəssislər təmiz benzol və asetilen kimi onlarla fərqli karbon birləşməsini sınaqdan keçirsələr də, bu müəmmalı siqnalla mükəmməl bir uyğunluq əldə edə bilməyiblər.
Mövcud təxminlər məlum bir üzvi birləşmənin həddindən artıq soyuq mühitdə digər kimyəvi maddələrlə qarışaraq gözlənilməz bir quruluşa bürünmüş ola biləcəyinə işarə edir.
Bu kəşf sözügedən kimyəvi quruluşun tək bir göy cisminə aid bir istisna olmadığını, əksinə Günəş sistemindəki soyuq, azot və metanla zəngin dünyaların ortaq bir xüsusiyyəti olduğunu sübut edir.
Titan barındırdığı zəngin karbon birləşmələri səbəbindən elm dünyasında canlılığın yaranmasından əvvəlki kimyəvi şəraitin öyrənilə biləcəyi ən ideal təbii laboratoriya kimi qəbul edilir.
Sırf buna görə də sistemin iki fərqli ucunda yerləşən bu müəmmalı maddənin sirrini açmaq kainatdakı üzvi struktur daşlarının necə təkamül etdiyini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.
Elm adamları növbəti dövrdə bu siqnalın xəritəsini çıxarmağı qarşılarına məqsəd qoyarkən, 2030-cu illərin ortalarında Titana çatacaq kosmik missiyaların bu sirrə yaxından işıq salacağı gözlənilir.
