Argentinanın dünya çempionatından kənarlaşdırılması üçün başladılan petisiya 10 milyon imza topladı
2026-cı il futbol üzrə Dünya Çempionatında fəaliyyətini davam etdirən son dünya çempionu Argentina yığmasının turnirdən kənarlaşdırılması tələbi ilə başladılan onlayn petisiya 10 milyondan çox imza toplayıb.
AFN.az xəbər verir ki, "argentinaout.com" saytında yerləşdirilən petisiyanın müəllifləri Beynəlxalq Futbol Federasiyasını (FIFA) və oyunların baş hakimlərini ulduz futbolçu Lionel Messi başda olmaqla Argentina millisinə qarşı açıq-aşkar tərəfkeşlik etməkdə ittiham edirlər.
Futbol azarkeşlərinin və bir çox ekspertlərin narazılığına əsasən bir neçə məqam səbəb göstərilir. Qrup mərhələsində Əlcəzair üzərində qazanılan 3:0 hesablı qələbədə het-trik edən Lionel Messinin kobud fola görə qırmızı vərəqə almalı olduğu, lakin hakimlərin buna göz yumduğu iddia edilir. 1/16 finalda Kabo-Verde ilə çətin keçən və əlavə vaxtda 3:2 hesabı ilə başa çatan oyundakı bəzi hakim qərarları tənqid hədəfi olub. Ən böyük qalmaqal isə 1/8 finalda Misirlə oyunda yaşanıb. Argentina 79-cu dəqiqəyə qədər 2:0 hesabı ilə geridə olsa da, son 13 dəqiqədə 3 qol vuraraq 3:2 hesabı ilə dramatik qələbə qazanıb. Misir millisi VAR qərarı ilə ləğv edilən qollarına və Argentinanın qələbə qolundan əvvəl Məhəmməd Salaha qarşı qayda pozuntusunun qeydə alınmamasına sərt etiraz edib, Misirin baş məşqçisi Hossam Hassan isə oyunun qurulmuş ssenari olduğunu bildirib. 1/4 finalda Lionel Skaloninin yetirmələri əlavə vaxtda İsveçrəni 3:1 hesabı ilə məğlub edərkən də bəzi mübahisəli hakim qərarları müzakirələrə səbəb olub.
Argentina millisinə qarşı yönələn bu ittihamlara cavab olaraq baş məşqçi Lionel Skaloni rəqiblərin iddialarını rədd edib. O, müasir futbolda VAR və digər texnologiyaların mövcudluğu şəraitində hər hansı komandaya rəğbət bəsləməyin və ya kömək etməyin praktiki olaraq qeyri-mümkün olduğunu vurğulayıb. Skaloni bildirib ki, 1986-cı ildə də Argentinanın ədalətsiz üstünlüklər qazandığını deyirdilər və bu, onlar üçün yeni bir şey deyil. Onun sözlərinə görə, bu cür şərhlər komandasını daha yaxşı futbol oynamağa ruhlandırır.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi və iyulun 19-da yekunlaşacaq dünya çempionatının yarımfinal mərhələsində Argentina iyulun 15-də İngiltərə yığması ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Avropa çempionu İspaniya ilə üz-üzə gələcək.

