Küveyt: İranın hücumları nəticəsində bəzi enerji və su təmizləmə obyektlərində yanğın baş verib
Küveyt Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi İranın təşkil etdiyi hücumlar nəticəsində bəzi elektrik və su təmizləmə obyektlərində yanğın çıxdığını açıqlayıb.
AFN.az xəbər verir ki, nazirliyin "X" platformasındakı rəsmi hesabından verilən bəyanatda bir çox elektrik istehsalı və su təmizləmə müəssisəsinin İranın hücumlarında 4 gündür hədəf alındığı bildirilib.
Açıqlamada İranın dünən axşam həyata keçirdiyi zərbələr nəticəsində bəzi elektrik və su təmizləmə obyektlərində yanğın başladığı qeyd olunub.
Yanğın söndürmə briqadaları tərəfindən alovun nəzarət altına alındığı, nazirliyə bağlı texniki heyətin isə təhlükəsizlik qurumları ilə koordinasiyalı şəkildə obyektlərin təhlükəsizliyini təmin etmək, dəymiş ziyanı müəyyənləşdirmək və təsirlənən aqreqatları ən qısa zamanda yenidən istifadəyə vermək məqsədilə zəruri texniki və profilaktik tədbirləri həyata keçirməyə başladığı diqqətə çatdırılıb.
Bundan əlavə, ehtiyat istismar prosedurları çərçivəsində və avadanlıqların təhlükəsizliyi ilə elektrik və su sistemlərinin sabitliyini qorumaq üçün bəzi elektrik istehsalı bloklarının müvəqqəti olaraq fəaliyyətinin dayandırıldığı ifadə edilib.
