Ağ Ev UFA-ların tədqiqini kənar sivilizasiya nəzəriyyələri ilə tanınan astrofizikə tapşırıb


Ağ Ev Harvard Universitetinin astrofiziki Avi Loebü əvvəllər UFO kimi tanınan naməlum analoq hadisələrin öyrənilməsi üzrə Elmi-Məsləhət Şurasının rəhbəri təyin edib.

AFN.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

2020-ci ilə qədər Harvardın Astronomiya fakültəsinə rəhbərlik etmiş Loeb kənar sivilizasiyalara aid texnologiyalar haqqında qalmaqallı nəzəriyyələri ilə tanınır. O, bir neçə ildir ki, bəzi ulduzlararası obyektlərin süni mənşəyə malik ola biləcəyi fərziyyəsini irəli sürür.

"Bu, detektiv hekayəsinə bənzəyir. Tənqidçilərə çox fikir verməsəniz, çox maraqlıdır", — deyə Loeb AP-yə müsahibəsində bildirib.

Agentliyin məlumatına görə, yeni yaradılmış şura ABŞ Milli Kəşfiyyat Direktorunun İdarəsi nəzdində UAP məsələləri üzrə idarəetmə strukturuna tabe olacaq. Qurumun əsas vəzifəsi naməlum obyektlərlə bağlı milli təhlükəsizliyə yarana biləcək potensial təhdidləri təhlil etməkdir.

Loeb 2017-ci ildə "Oumuamua" ulduzlararası obyektinin süni şəkildə yaradıldığını iddia etdikdən sonra məşhurlaşıb. O, həmçinin 2023-cü ildə Sakit okeanda təşkil olunan ekspedisiyaya rəhbərlik edərək tapılan metal qırıntılarını kənar sivilizasiya texnologiyalarının izləri kimi qiymətləndirmişdi.

Astrofizikin bu təyinatı elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tənqidçilər onun milli təhlükəsizlik sahəsində təcrübəsinin olmadığını və elmi fərziyyələrinin mübahisəli xarakter daşıdığını vurğulayırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu