İtaliya və Almaniya arasında miqrant gərginliyi dərinləşir
İtaliya və Almaniya arasında Aralıq dənizində xilas edilən miqrantların taleyi ilə bağlı fikir ayrılıqları kəskinləşir.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini bildirib ki, Almaniya QHT-lərinə məxsus gəmilər miqrantları İtaliya limanlarına gətirməyə davam etdiyi müddətdə Roma Almaniyadan göndərilən qanunsuz miqrantları qəbul etməyəcək.
İtaliya rəhbərliyi, o cümlədən Baş nazir Corca Meloni dəniz hüququna istinad edərək iddia edir ki, alman bayrağı altında üzən gəmilərdə Almaniya qanunları keçərlidir və miqrantların Aİ-yə ilk giriş ölkəsi İtaliya yox, Almaniya sayılmalıdır. İlin əvvəlindən bu gəmilər İtaliyaya 2200-dən çox miqrant gətirib.
Almaniya tərəfi isə miqrasiya məsələsində Aİ ölkələrinin birgə qaydalarla hərəkət etməsini vacib sayır. Avstriya, Niderland və digər ölkələr də miqrantları İtaliyaya qaytarmaq niyyətində olsa da, Roma sığınacaq sisteminin həddən artıq yüklənməsini əsas gətirərək 2023-cü ildən bəri 80 minə yaxın miqrantı geri qəbul etməkdən imtina edib.



