NATO təyyarələrini havaya qaldıran PUA həyəcanının səbəbi quş sürüsü olub
Litvanın hava məkanında mümkün pilotsuz uçuş aparatı (PUA) təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib və ölkədə xidmət aparan NATO döyüş təyyarələri havaya qaldırılıb.
AFN.az xəbər verir ki, radarların müəyyən etdiyi naməlum obyektin sonradan PUA deyil, quş sürüsü olduğu müəyyənləşib.
Litva mətbuatında yayılan məlumatlara görə, Litva Milli Böhran İdarəetmə Mərkəzi (NKVC) yerli vaxtla saat 12:56-da ölkənin hava məkanında naməlum obyektlə bağlı siqnal alındığını açıqlayıb.
Bundan üç dəqiqə sonra, saat 12:59-da paytaxt Vilnüs və ətrafında mümkün hava təhlükəsi ilə əlaqədar sarı həyəcan siqnalı elan edilib.
Radar görüntülərində PUA olduğu ehtimal edilən obyektin yoxlanılması üçün ölkədə xidmət aparan NATO döyüş təyyarələri havaya qaldırılıb.
Aparılan araşdırma nəticəsində radarların qeydə aldığı obyektin PUA deyil, quş sürüsü olduğu müəyyən edilib.
NKVC bildirib ki, ilkin radar görüntülərində quş sürüləri ilə PUA-lar oxşar izlər buraxa bilər.
Təxminən 40 dəqiqə davam edən hava həyəcanı ləğv edilib. Müvəqqəti olaraq bağlanan Vilnüs hava limanında uçuşlar da bərpa olunub.
