“Karqo Şamil”in deputatla şərikli MTK-sı üzə çıxdı-FOTOLAR


Paytaxtın Həsən Salmani küçəsi ilə 28 may küçəsinin kəsişdiyi ərazidə (Mərkəzi Neftçilər Xəstəxanasının arxasında) inşa olunan “Halal” MTK-ya məxsus 5 hündürmərtəbəli yaşayış binasının sakinləri redaksiyamıza müraciət edərək, üzləşdikləri vəziyyətdən şikayətləniblər. Onlar sözügedən binada sakinlərin etirazlarına baxmayaraq, evlərin kirayə verildiyini, mənzillərdən qanunsuz otel kimi istifadə olunmasından və digər problemlərdən narazılıq edirlər.

Sakinlər deyir ki, binada yerləşən bir sıra evlərdən hostel kimi istifadə olunur, binada tez-tez tacik və digər əcnəbi millətlərdən olan adamlar görünür. Onlardan ucuz işçi qüvvəsi kimi istifadə olunduğu ehtimal edilir.

Sakinlərin sözlərinə görə, “Halal” MTK sənəddə Əsədov Haqverdi Əsədulla oğlunun adınadır. O, hazırda “Halal” MTK-nın təsisçisi və direktorudur. Xatırladaq ki, Əsədov Haqverdi Əsədulla oğlu bir neçə il əvvəl Abşeron rayonu, Saray qəsəbəsində ona məxsus olan və uzunluğu 410 metrlik dəmir borunun oğurlanmasına görə keçirilən məhkəmə prosesi ilə də gündəmə gəlib.

Ancaq sakinlər iddia edirlər ki, “Halal” MTK-nın əsl sahibi Milli Məclisin bir nəfər deputatı (onun adı bizə məlumdur, bəzi dəqiqləşdirmələr aparırırıq – müəllif), şəriki isə iş adamı Şamil Heydərovdur.

Məsələni yerindəcə araşdırmaq üçün sakinlərin dəvətilə həmin ünvana yollandıq. Binaların həyətinə daxil olan zaman divar kənarında açıq formada qoyulan və üfunət qoxuyan zibil qutuları diqqətimizdən yayınmadı.

Hətta, zibil qutularından gələn qoxuları binanın həyətindəki “Happy” marketin içərisindən də hiss etməmək olmur.

Əvvəlcə, binanın həyətində yerləşən “Halal” MTK-nın komendatının dəbdəbəli ofisinin qapısını döyərək içəri daxil oluram. Qapını dəfələrlə döysəm də, yüksək səslə komendatı çağırsam da, amma səsimə hay verən olmur. Elə bu zaman həyətdə gördüyüm yük maşınının sürücüsündən komendatın harada olmasını soruşuram.

Sürücü mənə “buralardadır, indi harada olsa gələr” deyə cavab verir. Təqribən 40 dəqiqə ofisin önündə yağış altında komendatın gəlməsini gözləyirəm. Ancaq komendat gəlib çıxmır.

Hövsələsiz şəkildə binanın blokunda siqaret çəkən bir nəfərə yaxınlaşıb komendatı harada və necə tapa biləcəyimi soruşuram. O da mənə eyni cavabı verir: “komendat buralardadır, harada olsa indi gələr”.

Sonra həmin şəxs məndən nə axtardığımı soruşur. Kirayə ev və ya hostel axtardığımı ona deyirəm. Bu an həmin şəxs mənə “Halal” MTK-nın mənzil kirayəsi işlərinə baxan Elman və Yaşar adlı şəxslərdən bəhs edir. Elmanın tapşırığı ilə onlar məni binanın 4-cü, 11-ci və 14-cü mərtəbələrindəki kirayə evlərlə tanış edirlər. Mən isə imkan tapan kimi otaqların fotolarını çəkirəm.
Həmin şəxslər mənə məlumat verirlər ki, binada evlərin günlüyü 50 manatdan başlayır. Elman adlı şəxs isə telefonla mənə bildirir ki, 14-cü mərtəbədə daha mənzərəli evlər var. Onun günlük qiyməti isə 70 manatdan başlayır.

Söhbət zamanı məlum olur ki, sən demə turizm mövsümündə burada evlərin günlük qiyməti daha da baha olur.

Bir anlıq özümə sual edirəm: axı bu qiymətə 3 ulduzlu oteldə qalmaq mümkündür. Üstəlik səhər yeməyi məsrəflərindən, kommunal ödənişlərdən, dövlətin 14 faizlik vergisindən və sairə xərclər də azad olursan. Doğrusu, çox gəlirli biznesdir. Heç bir vergi ödəmədən, dövlətdən lisenziya almadan otelçilik fəaliyyəti göstərirsən.

Əlqərəz, “Halal” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binalarında gördüklərim mənə bunu deməyə əsas verir. Sakinlər haqlı imişlər. Məni evlərlə tanış edən adamlarla sağollaşıb oradan ayrılmağa qərar verirəm.

Bu zaman öyrənirəm ki, sakinlərin iddia etdikləri Şamil Heydərovun bu bina ilə doğrudan da əlaqəsi var. Əslində, bunu mənə kirayə ev təklif edən adamlar da etiraf edirlər.

Qeyd edək ki, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərov Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimidir.

Şamil Heydərovun “Çin Karqo” şirkətinin və Bakının bir sıra yerlərində binalar inşa edən “İdeal” MTK-nın “görünməz sahibi” olduğu deyilir.

Onun hazırda da yük daşınması fəaliyyətilə məşğul olub-olmaması barədə məsələni dəqiqləşdirmək üçün 13 fevral 2019-cu il tarixində Dövlət Gömrük Komitəsinə sorğu ünvanlamışıq.

Çox təəssüf ki, indiyədək rəsmi sorğumuza hələ də cavab verilməyib. Ümid edirik ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev bu sahədə şəffaflığa nail olunmasını qarşıya məqsəd qoyan məmur kimi sorğumuzun tezliklə cavablandırılacağına öz töhfəsini əsirgəməyəcək.(bizimxeber.az)










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu