Son islahatlardan 1 milyondan artıq vətəndaş faydalanacaq- Ekspertlər




"Azərbaycanda sosial proqramların icrası manatın devalvasiyasından əvvəl də, sonra da davam etdirilib”.



Bunu "Report”a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin ölkədə sosial-iqtisadi sahədə aparılan islahatlarla bağlı şərh verərkən deyib.

"Son dövrdə iqtisadi islahatlarda sosial müdafiənin daha da gücləndirilməsi prioritet olub. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, yalnız son bir ay ərzində imzalanmış sərəncam və fərmanların maliyyə tutumu 2 milyard manatdan çoxdur. Onların bir qismi, təxminən yarısı illik olaraq əlavələrdir və hər maliyyə ilində bu vəsait xərclənəcək. Eyni zamanda, problemli kreditlərlə bağlı olan fərman birdəfəlik ödənişlərdir”, - mütəxəssis qeyd edib.



"Sosial sferada islahatların və sosial təminatın gücləndirilməsi tədbirlərin davamlı olması arzuolunandır. Prezidentin son açıqlamasından sonra da birmənalı şəkildə qeyd etmək olar ki, bu tədbirlər və islahatlar davamlı olacaq".

Onun sözlərinə görə, bu konteksdən son iqtisadi islahatlar göstərir ki, sosial məsələlər prioritetdir: "Bu prioritetlik bir tərəfdən daha çox sosial müdafiəyə ehtiyacı olan aztəminatlı vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə xüsusən də problemli kreditlərlə bağlı güzəştin tətbiq edilməsi daha 800 mindən artıq vətəndaşımızın faydalanması və nəticə etibarı ilə əhatə edilməsi baxımından daha çox əhatəliyə malik olan bir addım idi. Bu baxımdan xüsusilə vurğulamaq lazımdır ki, bir tərəfdən 2019-cu ildə struktur islahatlarının aparılmasını müşahidə etdik, struktur islahatları ilə yanaşı, sosial təminatın gücləndirilməsi ilə bağlı fəaliyyətlər genişlənib. İqtisadi nəticə etibarı ilə sosial təminat məsələləri daha da önə çəkilib”.

V. Bayramov vurğulayıb ki, bütün hallarda islahatların sosial tərəfləri var və hökumət xüsusilə də həmin islahatların sosial sferasına təsirlərin optimallaşdırılması və minimallaşdırılması ilə bağlı tədbirlər həyata keçirməlidir: "Son zamanlar Azərbaycanda da bu müşahidə olunur. Sevindirici və təqdirəlayiq haldır ki, islahatlardan faydalanan vətəndaşlarımızın sayı 100 minlərlə deyil, hətta 1 milyondan artıqdır”.

Onun sözlərinə görə, dövlət başçısının vəd etdiyi kimi islahatlar davam etdiriləcək: "Sosial sferada islahatların və sosial təminatın gücləndirilməsi tədbirlərin davamlı olması arzuolunandır. Prezidentin son açıqlamasından sonra da birmanalı şəkildə qeyd etmək olar ki, bu tədbirlər və islahatlar davamlı olacaq. Xüsusən də aztəminatlı ailələrlə yanaşı, eyni zamanda dövlət sektorunda çalışan və xüsusilə də təhsil və səhiyyə sektorunda çalışan vətəndaşlarımızın əmək haqqının artırılması ilə bağlı addımın atılması daha məqsədəuyğun olardı. Nəzərə alsaq ki, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan sosial xərclər dövlət büdcəsindən maliyyələşən kateqoriyalı vətəndaşlarımızın əmək haqqının artırılması üçün bir baza formalaşdırır”.

V. Bayramov həm də sosial sferada səmərəliyin artırılması üçün bir sosial proqramların monitorinqini, xüsusən də kənar monitorinqin aparılmasını təklif edir. Onun sözlərinə görə, özünəməşğulluq proqramının kənar monitorinqin aparılması səmərəliyinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı: "Özünəməğulluq proqramının genişləndirilməsinə ehtiyac var və genişləndirmədən öncə onun səmərəliliyinin qiymətləndirilməsi və monitorinqinin aparılması olduqca vacidbir. Düşünürəm ki, bu konteksdən 2019-cu ilin növbəti aylarında bir tərəfdən sosial sferada dövlətin birbaşa yardımlarının artırılması, digər tərəfdən sosial proqramda səmərəliliyin genişləndirilməsi və artırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyi gözlənilir ki, bu da nəticə etibarı ilə vətəndaşlarımızın birbaşa və dolayı olaraq sosial siyasətdən daha çox faydalanmasına zəmin yaradacaq”.



"Prezidentin son fərmanı problemli kredit mövzusuna demək olar ki, son qoydu”.

Bunu isə "Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

"İlk növbədə, 331 min nəfər kreditlərə görə məhkəmə çəkişməsində idi. Bu məhkəmə çəkişmələri vətəndaşların, həmin kreditlə bağlılığı olan bütün insanların, eyni zamanda onlara zamin duran şəxslərin vaxtını aparır, onlarda mənəvi-psixoloji gərginlik yaradırdı. Bu aradan qaldırıldı. Digər tərəfdən 10 min dollar krediti olan vətəndaşımızın 5000 dolları kompensasiya olunur, yerdə qalan hissəsi isə konvertasiya olunaraq növbəti 5 il ərzində 1-ci ili güzəşt olunmaqla, qalan illəri isə 1% olmaqla kredit şəklində ödənilir. Bu isə ayda maksimum 100 manat edir. Bütün üzərinə gələn cərimələr, dəbbə pulları, faizlərin hamısı silinir. Doğurdan da, dünyanın heç bir ölkəsində problemli kreditlərlə bağlı bu cür qərar verilməyib. Bu da onu göstərir ki, Azərbaycan vətəndaşlarını narahat edən, onların üzləşdiyi problemə ölkə rəhbərliyi tərəfindən diqqət göstərilib və birbaşa vətəndaş tam əmindir ki, çətin gündə ölkə rəhbəri öz vətəndaşı ilə birgədir”, - deputat qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu