Bu günün gəmi modelçiləri arasında sabahın neçə-neçə gəmi mühəndisi var




Məlum olduğu kimi, ölkəmizdə dənizçilik sahəsi uzun tarixi inkişaf yolu keçib. Şübhəsiz ki, dənizçilik sənayesinin inkişafında gəmiqayırmanın mühüm rolu var.

Hazırda Azərbaycan gəmiqayırma sənayesi böyük kadr potensialına, maddi-texniki bazaya, hər növ gəmi tikintisini həyata keçirmək üçün lazımi səviyyədə təchizata malikdir. Bu potensialı qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək, yeni təcrübə ilə zənginləşdirmək isə əsas məqsədlərdəndir.

Bu baxımdan cəmiyyətdə gəmiqayırmaya marağın artırılması vacibdir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu məqsədlə Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gəmi Modelçiliyi” dərnəyi ilə xüsusi layihənin icrasına başlayıb.

Belə ki, ASCO-nun təşəbbüsü ilə dərnəyin 25 üzvü üçün Qaradağ rayonunda yerləşən Bakı Gəmiqayırma Zavoduna tur təşkil olunub.

Gəmi modelçiləri öncə ərazini gəziblər, müasir tipli tərsanə ilə tanış olublar, burada ASCO-nun sifarişi ilə tikilən gəmilərin inşa prosesini yaxından izləyiblər. Gəmi modelçilərinə məlumat verilib ki, hazırda ASCO üçün zavodda iki yeni nəsil tanker, iki unikal “Ro-Pax” tipli gəmi-bərə tikilir. İnşası qrafikə uyğun davam etdirilən bu gəmilər növbə ilə 2020-ci ilin sonuna kimi təhvil veriləcək.

Turun gedişində iştirakçılar üçün təchizat və yerləşdirmə mühəndisi Niyazi Bayramov tərəfindən təlim keçirilib. Zavod nümayəndəsi Azərbaycanın gəmiqayırma potensialı barədə ətraflı danışıb və gəmi modelçilərinin suallarını cavablandırıb. Həmçinin, uşaqlar gəmi tikintisini əks etdirən videonu maraqla izləyiblər.

Onu da qeyd edək ki, dərnək üzvlərinə dəstək olan ASCO onlara gəmi modellərinin hazırlanması üçün lazım olan alət və avadanlıqlar da təqdim edib.

ASCO dənizçilik və gəmiqayırma sahəsinə marağın artırılması məqsədi ilə gələcəkdə də dərnəyin üzvləri ilə belə tədbirlərin keçirilməsini planlaşdırır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu