Mübariz Qurbanlı İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri ilə görüşüb- FOTOLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən ilə görüşüb.
Görüşdə Mübariz Qurbanlı bildirib ki, Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər. Ümummili Lider Heydər Əliyevin iki ölkə arasında əlaqələrin inkişafına hər zaman böyük diqqət yetirdiyini qeyd edən Komitə sədri Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Qonağa ölkəmizdəki dini durum haqqında danışan Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin edilib, vətəndaşların dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşılır. Xalqımızın milli-mənəvi dəyərlərinin, mədəni irsimizin qorunmasına xüsusi önəm verilir. Bildirib ki, Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dini-mənəvi mühitin qorunub saxlanılmasına göstərilən diqqətin əyani təzahürüdür.
2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan Mübariz Qurbanlı bu çağırışın dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu deyib. Bu çərçivədə ilk beynəlxalq konfransın Tehranda keçirildiyini qeyd edən Komitə sədri tədbirin önəminə diqqət çəkib, bu prosesin davamlı xarakter daşıdığını bildirib.
Söhbət zamanı dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyindən də bəhs edən Mübariz Qurbanlı din pərdəsi altında öz məqsədlərinə nail olmağa çalışan radikal elementlərə qarşı mübarizədə dini maarifçiliyin əhəmiyyətinə toxunub.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən Əbuzər İbrahim Türkman ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olduğunu bildirən qonaq bu platformanın müasir dünya üçün aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycanın dinlər və mədəniyyətlərarası əlaqələrin genişlənməsi üçün mühüm addımlar atdığını diqqətə çatdırıb.
Sonda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim edilib.