Bakı Limanı ATƏT-lə birgə Xəzər dənizi limanlarında "rəqəmsal dəhliz"in gücləndirilməsinə dair birgə layihəyə başlayıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin açılış iclası keçirilib. Əsas prioriteti Azərbaycan, Türkmənistan və Qazaxıstanın nəqliyyat və ticari bağlılığını möhkəmləndirmək olan layihə ölkəmizdə fəaliyyət göstərən iri nəqliyyat şirkətləri, beynəlxalq qurumlar, səfirliklər, Qazaxıstanın Aktau və Kurık limanlarının nümayəndələrinin iştirakı ilə baş tutub.
İclası giriş sözü ilə açan Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, Bakı Limanın tətbiq etdiyi liman əməliyyat sistemi, sərnişinlər üçün hazırlanmış onlayn bilet sistemi, əldə olunan ISO 9001:2015 keyfiyyət, ISO 14001:2015 ətraf mühiti idarə etmə və bu il üçün nəzərdə tutulmuş EcoPorts PERS ekoloji sertifikat nümayiş etdirir ki, qurum fəaliyyətini zamanın tələbinə uyğun olaraq qurubdur: “ATƏT-lə bu gün təməli qoyulan və üç qardaş limanı birləşdirən layihəmiz Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən növbəti mühüm addım olacaqdır.”
Layihə çərçivəsində Bakı, Aktau və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjinin istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın yazılması nəzərdə tutulub. Eyni zamanda dünyanın aparıcı yaşıl limanlarının qabaqcıl təcrübələri ilə tanış olunması məqsədilə təlimlərin və yaşıl limanlar üzrə təlimatlar hazırlanmaq üçün regional seminarların keçirilməsi də layihənin əsas məqsədlərindən biridir.
ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Səfir Vuk Zugic bildirib ki: “Enerji təhlükəsizliyi, rəqəmsalləşdırma və bağlılıq ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının mühüm bir hissəsidir. Buna görə də, mən çox şadam ki, bu gün ATƏT-in Bakı Limanı ilə başladığı layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanın yaşıl liman və bağlılıq mövzularında Xəzər dənizində mövqelərini gücləndirəcək.”
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi Kamil Xasiyev, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan ofisinin rəhbəri İvana Duarte, ATƏT-in Enerji Təhlükəsizliyi üzrə baş proqram mütəxəssisi Daniel Kroos, Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı Nəqliyyat sektorunun müdiri Tara Şirvani, BMT Ticarət Təşviqi və eBiznesə Dəstək Mərkəzinin Direktoru Lens Tompson və Bakı Limanının istismar şöbəsinin müdiri Yucin Si təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, adı çəkilən layihə ATƏT tərəfindən qəbul edilmiş "ATƏT Regionunda Enerji ilə Əlaqədar Fəaliyyətlərin Ətraf Mühitə Təsirini Azaltmaq”, “ATƏT-də Nəqliyyat Üzrə Dialoqun Gücləndirilməsi" və "Düzgün İdarəetmənin Gücləndirilməsi və Bağlılığın Təşviqi" proqramların-çərçivəsində keçiriləcəkdir. Eyni zamanda, sözügedən layihə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərindən 4-nə öz töhfəsini verir.