Ötən il Energetika Nazirliyində inzibati xətalarla bağlı 686 işə baxılıb




2019-cu il ərzində Energetika Nazirliyində inzibati xətalara dair 686 işə baxılıb. Bunlardan 626 iş təbii qaz, 60 iş isə elektrik enerjisi ilə bağlı olub.



Baxılmış işlərdən 322 iş üzrə inzibati tənbeh vermə haqqında, 229 iş üzrə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib. Təbii qazla bağlı 135 iş barəsində təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Quba, Ağsu, Salyan, Lənkəran, Beyləqan, Kürdəmir, Şəmkir, Gədəbəy, Neftçala, Cəlilabad, Şamaxı, Balakən, Zaqatala və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə, təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə 263 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. 228 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar verilib.

İl ərzində Bakı, Sumqayıt, İmişli, Ağcabədi, Goranboy, İsmayıllı, Qobustan, Cəlilabad, Şamaxı, Qəbələ, Qax, Mingəçevir, Ucar, Ağdaş, Qazax və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 59 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib, 1 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar verilib.

Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu