Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardımı göstərilib.
Gündəlik tələbat mallarında ibarət olan 1200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda - Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.
Risk qrupuna daxil olan insanların evdə qalması və virusa yoluxmaqdan qorunması məqsədi güdən yardım aksiyası zamanı məcburi köçkünlərlə infeksiyanın tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub.
Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.