“Onlayn dərslər bütün şagirdlər üçün əlçatan olmadı, ona görə də...” (EKSPERT)
"Kompensasiya təhsili proqramı işlənib hazırlanmalıdır".
Qaynarinfo xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. Kamran Əsədovun fikrincə, online sistemdə keçirilən dərslər bütün şagirdlər üçün əlçatan olmayıb:
"Hazırda hər kəs bir mövzu ilə maraqlanır ki, dərslər bərpa olunacaqmı və olunsa keçirilməyən dərslər necə konpensasiya olunacaq? Online sistemdə keçirilən dərslər heç də bütün şagirdlər üçün əlçatan deyil. Yəni, martın 3-dən etibarən keçirilməli olan bir çox dərsləri mənimsəməyən şagirdlər var. Təklifim kompensasiya təhsili proqramının işlənib hazırlanmasıdır. Yəni, Təhsil Nazirliyi koronavirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proramı hazırlamalıdır".
Kamran Əsədov bildirib ki, kompensasiya təhsili bütöv bir dövr deyil, qismən və sürətlənmiş təhsil prosesidir:
"Bu prosesdə heç də tədris olunan bütün fənlər yox, zəruri akademik bilikləri formalaşdıran və növbəti sinif və pillələrdə vacib olan biliklərin verilməsini əks etdirən mövzu və paraqraflar tədris olunmalıdır. Kompensasiya təhsilinin davam etmə müddəti isə 4-6 həftə ola bilər".