Milli Məclis Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı layihəni ilk oxunuşda təsdiqlədi
![](https://static.report.az/photo/501aebae-e72a-3c3b-8ff6-ad07e9920605_850.jpg)
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
AFN xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.
Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.
Digər bir dəyişikliklə isə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.
Müzakirələrdən sonra məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.