“Evimdən oğurluq edildi, səhərə kimi idarədə gözlətdilər”
Sumqayıt şəhərində vətəndaş izahat yazmaq üçün getdiyi polis idarəsində təzyiqlərə məruz qaldığını, gecə saatlarında anbar tipli otaqda saxlanıldığını iddia edir.
“Slavyanka” şirkətinin baş inzibatçısı olan Ülvi Həsənli sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, evindən edilən oğurluqla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Ü.Həsənlinin sözlərinə görə, bundan sonra onu Polis İdarəsinə dəvət ediblər: “Gedib 1 saata yaxın da orada gözlədim. Sonda əməliyyatçı, mayor Şahinə acıqlananda dedi ki, “bu, çox danışır deyəsən, salın içəri”. Mülkiyyətinə basqın olunan adam kimi mənim heç izahatım alınmadı. Əvəzində anbar kimi bir yerə salındım və dedilər ki, rəis gələr, buraxar. Xəstə olduğuma və həmin otağın nə dərəcədə soyuq olduğuna heç məhəl də qoymadılar. Gecə ağrılardan sonra təcili tibbi yardım çağırdılar. Mənə ağır cinayətkar kimi davranırdılar. Dedikləri tək şey bu idi ki, “biz ağrıkəsici vura bilərik, ancaq gecə növbəsindəki çavuş da icazə vermir ki, yoxlanışa aparaq”.
Səhərə kimi soyuqdan qızdırma qalxıb, ancaq sayıqlamışam. Səhər də həmin Şahin deyilən mayor çıxdı getdi, biz isə rəisi gözlədik. Yenə də mənlə görüşmədi, kapitan telefonla videoya çəkib izahat aldı. Nəticədə sağlamlığım bərbad vəziyyətdədir. Hələ indi özümə gələ bilirəm”.
Ü.Həsənli bu gün səhər saat 11-də idarədən buraxıldığını deyib.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən iddialar nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır”.