Son təxribatlarda ermənilərə kim hərbi dəstək verib? - Vahid Əhmədov açıqladı
Bu fikirləri millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ermənistanı himayə edən dövlətlər sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır:
"Bəzi dövlətlərin marağında olduğu üçün ermənilər bu toqquşmaya razılıq verirlər. Hətta məlumatlar var ki, qonşu dövlətin silahlı qüvvələri ermənilərə dəstək olublar. Cənubi Qafqazda Rusiyanın, İranın, Avropa dövlətlərinin mənafeləri var. Bölgə logistika, neft-qaz ehtiyatları cəhətdən kifayət qədər əlverişli olduğu üçün buraya təzyiq etmək istəyir və Cənubi Qafqazı qoltuğunun altında saxlamağa çalışırlar. Təbii ki, bu, qətiyyən mümkün deyil. Onu da deyim ki, dövlət başçımızın müstəqil siyasət aparması bir çoxlarının xoşuna gəlmir. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə Naziri Hülusi Akar Azərbaycanın yanında olduqlarını bir daha qeyd etdilər. Azərbaycanın Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərini çoxları qəbul edə bilmir. Eyni zamanda Türkiyə NATO-nun üzvü olmaqla qüdrətli dövlət və bölgədə söz sahibidir. Bütün bu məsələlər də məhz burdan qaynaqlanır. İstəmirlər ki, Azərbaycan və Türkiyə qardaşlığı inkişaf etsin. Bütün bunlara baxmayraq, dövlətimiz inkişaf edir, dövlət başçısı İlham Əliyev qonşu dövlətlərlə həmişə bərabər səviyyədə açıq siyasət aparır".
V. Əhmədov hesab edir ki, bölgədə vəziyyət o qədər də ürəkaçan deyil:
"İstənilən vaxt ölkə sərhədlərində ermənilərin orta və kiçikmiqyaslı təxribatları ola bilər. Azərbaycanın müdafiə naziri, Sərhəd Xidməti çox ayıq-sayıq olmalıdır. Çünki bu hadisə bir daha göstərdi ki, sərhəddə müəyyən təxribatların baş verməsi ehtimalı var. Müəyyən dövlətlərin təsiri nəticəsində Ermənistan bu atəşkəsi yenidən poza bilər. Dövlət başçısı bütün çıxışlarında bildirir ki, sülh müqaviləsi imzalanmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası həll olunmalı, o cümlədən Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Ermənistanın müstəqil siyasəti yoxdur, asılı siyasət aparır, ona görə də belə problemlər baş verir".