Yasamalda mollalar arasında müştəri üstündə dava olub


Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda iki molla arasında baş vermiş dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


“Qafqazinfo” xəbər verir ki, bu il fevralın 3-də saat 16 radələrində qəbiristanlıqda fəaliyyət göstərən molla Zakir Əliabbas oğlunu döyərək qabırğalarını sındıran həmkarı, 1975-ci il təvəllüdlü İlqar Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi iilə təqsirləndirilib.

Məhkəmədə məlum olub ki, İlqar qəbirlərdən birinin yanında “Quran” oxuyarkən Zakir yaxınlaşaraq ondan müştərisi ilə bağlı söz soruşub. İlqar isə ona kobud cavab verib və müştəri üstündə tərəflər arasında dava başlayıb. Bu zaman İlqar badalaq fəndi işlədərək Zakiri yerə çırpıb. Zərbənin təsirindən Zakirin bir neçə qabırğasında sınıqlar yaranıb.

Hadisədən sonra Zakir polisə etdiyi şikayəti geri götürməsi üçün İlqardan xeyli miqdarda pul tələb edib. Lakin istədiyi məbləği ala bilmədiyi üçün şikayətini geri götürməyib.

Yasamal Rayon Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə İlqar Əliyevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı taxılıb və üzərinə yaşadığı yeri dəyişməmək, təyin edilmiş vaxtlarda ictimai yerlərdə olmamaq öhdəliyi qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu