Azərbaycanda kişi meyvə qabını sevgilisinin başında sındırdı


Gəncə şəhərində 1989-cu il təvəllüdlü Rəşad Quliyev şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Yasəmənə (adlar şərtidir – red.) xəsarət yetirib.



AFN bizim.media-ya istinadən xəbər verir ki, hadisə bu il mayın 30-da baş verib.

Rəşad yaşadığı evdə qısqanclıq zəminində sevgilisi ilə mübahisə edib və stolun üstündəki şüşə materialdan olan meyvə qabını onun başının sağ gicgah nahiyəsindən vurub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad bildirib ki, Yasəməni bir ildir tanıyır:

“Mənim Yasəmən ilə qeyri-rəsmi münasibətim olub. Yasəmən ilə münasibətim əvvəllər normal idi. Son vaxtlar Yasəmən ilə aramızda qısqanclıq zəminində mübahisələrimiz olub. Yasəmən mənim ayrı-ayrı qadınlarla münasibət saxladığımı eşitdiyi üçün mübahisə etməyə başlayıb”.

Təqsirləndirilən şəxs deyib ki, mayın 30-da Yasəmən onun münasibətdə olduğu qadına telefon vasitəsilə səsli mesaj göndərib və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışıb:

“Bunu bildikdən sonra Yasəmənin anası və bacısına zəng vurdum və bildirdim ki, Yasəməni başa salsınlar, mənim barəmdə cəmiyyət içində nüfuzdan salacaq nalayiq sözlər danışmasın. Lakin bu, heç bir fayda vermədi. Buna görə də həmin gün saat 14 radələrində Yasəmənin yaşadığı evə getdim.

Ona nə üçün belə etdiyini, barəmdə başqaları ilə danışdığını, məni cəmiyyət içində nüfuzdan salmağa çalışdığını soruşdum. Yasəmən mənimlə mübahisə etdi və “yaxşı etdiyini” dedi. Eyni zamanda bu hərəkətlərini davam etdirəcəyini söylədi. Həmin vaxt əsəbi olduğum üçün stolun üzərində olan meyvə qabını Yasəmənin baş nahiyəsindən vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş Yasəmənin sözlərinə görə, 2022-ci ilin aprel ayında Rəşadla onun arasında qısqanclıq zəminində mübahisələr baş verib:

“Rəşad öz dostunun adından məndən orta məktəbdə idman müəlliməsi işləyən Səlimənin telefon nömrəsini istədi. Bundan sonra Rəşad məndən xəbərsiz Səlimə ilə qeyri-rəsmi olaraq yaşamağa başladı.

Daha sonra Səlimədən eşitdim ki, Rəşaddan öz nömrəsini haradan tapdığını soruşub, Rəşad həmin nömrəni dostunun yaşadığı qızdan, yəni məndən aldığını söyləyib. Bunu bildikdən sonra Rəşadla aramızda narazılıqlar yarandı”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Rəşad onun yaşadığı evə gəlib və heç bir səbəb olmadan onunla mübahisə etməyə başlayıb:

“Rəşad mənə dedi ki, sənin saçını qırxaram. Bu zaman bizi aralaşdırmağa çalışan anamı da kənara itələdi və masanın üzərində olan şüşə meyvə qabını götürərək başıma vurdu. Həmin vaxt baş nahiyəmdən xəsarət aldım”.

Zərərçəkmiş qeyd edib ki, bir qədər sonra bacısı evə gəlib və baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşad 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.

Təqsirləndirilən şəxsin cəzasının icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu