Aİ-nin Rusiya neftinə embarqosu bu gündən qüvvəyə minir
Avropa İttifaqının Rusiya neftinə embarqo ilə bağlı qərarı bu gündən qüvvəyə minir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Aİ ölkələri bu barədə hələ may ayında qərar verərək Rusiyadan neft alışına qadağa qoyulmasında razılığa gəliblər. Bu, Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketinin detallarından ən əsasıdır.
Avropa İttifaqı ölkələrinin mayda baş tutan toplantısında əldə edilən qərara görə, ilin sonunadək Rusiyadan neft alışı 90%, yəni 10 dəfə azalacaq. Avropanın Rusiya neftindən imtina etməsi onun xaricə satdığı bütün neftin 3-də 2-sinə təsir edəcək.
Beləliklə, Avropa rəsmi olaraq dəniz yolu ilə tədarük edilən Rusiya neftinin idxalını dayandırır və digər alıcılar üçün bareli 60 dollar qiymət həddi tətbiq edilir. Öz növbəsində Rusiya qiymət tavanı şərtləri ilə neft tədarük etmək niyyətində deyil və bunun fonunda ekspertlər neftin qiymətinin 100 dollardan yuxarı qalxacağını istisna etmirlər.