Fransa ilə bütün diplomatik, ticari əlaqələr kəsilməlidir - Niyaməddin Orduxanlı

Fransanın qondarma rejimə və onun “rəhbərinə” verdiyi dəstək beynəlxalq hüquqa ziddir.
Bunu AFN.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “DQR”-in “prezidenti” Araik Arutyunyanın Fransa səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün heç bir dövlətin tanımadığı “DQR”-ə Fransa açıq-aşkar dəstək verir: “İndiyə qədər də bizə bəlli idi Fransanın gizlin, müəyyən məqamlarda açıq formada ermənilərə dəstək göstərdiyi. Amma 44 günlük Vətən Müharibəsindən sonra Fransanın bunu həyassızcasına açıq-aşkar etməsi artıq ağ eləməkdir. Bilinməlidir ki, təxminən 100 illik güclü erməni diasporası formalaşıb. Burada söhbət Ermənistandakı mövcud olmuş və olan rejimlərdən getmir. Bütün dünyada, ən inkişaf etmiş ölkələrdə - Amerikada, Avropada, Rusiyada büdcəsi yüz milyardlarla ölçülən erməni diasporası var. Həmin diasporanın təsiri altında onlara dəstək nümayiş olunur. Eləcə də Fransada onların erməni diasporası çox güclüdür. Prezidentə, siyasi rəhbərlikdə olan məmurlara, senatorlara böyük təsir imkanları var, onların maliyyə qaynaqlarından asılı vəziyyətdədirlər, elektoratları var. Həmin diasporanın təsiri ilə Vətən Müharibəsindən sonra bizə xüsusilə təzyiq edə bilirlər. Bu, Amerikada, Rusiyada da mövcuddur. Sadəcə olaraq, bu dövlətlərdə erməni diasporası prezidentlərə təsir edə bilmir”.
N.Orduxanlının sözlərinə görə, erməniləri dəstəkləyən dövlətlər, qüvvələr üçün hazırda əsas məsələ maliyyədir. Məhz maddi maraqlar onların beynəlxalq hüquqa məhəl qoymamasına gətirib çıxarıb: “Fransanın ATƏT-in Minsk Qrupunda fəaliyyəti olduğu halda, özlərinə və beynəlxalq hüquqa hörmət qoymadan, açıq şəkildə Ermənistanı müdafiə edirlər, Azərbaycan əleyhinə qətnamə qəbul edirlər. Vəziyyət bu cür davam edə bilməz. Biz Fransa ilə əlaqələrə yenidən baxmalıyıq, Fransa birmənalı şəkildə ATƏT-in Minsk Qrupundan qovulmalıdır, onlara öz yerini göstərməliyik. Fransa ilə bütün diplomatik, ticari əlaqələr kəsilməlidir, münasibətlər tamam dondurulmalıdır. Azərbaycanın kəskin mövqeyi ortada olmasa, Fransa belə də davam edəcək. Başqa ölkələr üçün də bir nümunə olmalıdır ki, beynəlxalq hüquq pozulduğu halda Azərbaycan adekvat cavab verəcək”.
FAMİL