Bolqarıstanda hökuməti qurmaq yenə mümkün olmadı


Bolqarıstanda Dəyişikliyə Davam Partiyası adından baş nazirliyə namizəd olaraq irəli sürülən Nikolay Denkovun hökumət qura bilməməsinin ardından ölkədə növbədənkənar seçkilərin keçirilməsi məsələsi gündəmə gəlib.


AFN.az xəbər verir ki, Bolqarıstanda baş nazir Kiril Petkovun koalisiya hökumətinin 22 iyun 2022-ci ildə parlamentdə etimad səsverməsini itirməsilə dağılmasından sonra hökumət böhranı davam edir. Hökumətin süqutundan sonra parlamentdə ən çox deputatı olan partiyalara müvafiq olaraq hökuməti qurmaq tapşırığı verilib, lakin indiyədək heç bir partiya hökuməti formalaşdıra bilməyib. Prezident Rumen Radevin hökuməti qurmaq tapşırığını verdiyi Dəyişikliyə Davam Partiyası da razılığa gələ bilməyib. Dəyişikliyə Davam Partiyası adından baş nazirliyə namizədliyi irəli sürülmüş Nikolay Denkov hökuməti qurmaq tapşırığını prezident Radevə qaytarıb.

Dəyişikliyə Davam Partiyasının hökuməti formalaşdırmaq mandatını yerinə yetirə bilməməsindən sonra prezident Radevin bir neçə gün ərzində kabinet səlahiyyətlərini seçdiyi partiyaya təqdim edəcəyi gözlənilir. Bolqarıstan Konstitusiyasına görə, prezident kabinetin formalaşdırılması vəzifəsini müvafiq olaraq birinci və ikinci ən böyük partiyaya, onlar kabineti formalaşdıra bilmədikdə isə öz seçdiyi üçüncü tərəfə tapşıra bilər. Bolqarıstan Parlamentində üçüncü ən böyük partiya üzvlərinin əksəriyyəti türklərdən ibarət olan və 36 deputat mandatına sahib olan Haqq və Azadlıqlar (HÖH) Hərəkatıdır. Lakin prezident Radevin hökuməti qurmaq tapşırığını MRF-yə deyil, 20 deputatı olan Demokratik Bolqarıstan Partiyasına verəcəyi gözlənilir.
Radevin seçdiyi üçüncü partiya da uğursuz olarsa, prezident 2 ay ərzində növbədənkənar seçkilərin tarixini təyin etməli olacaq.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu