Almaniyaya mühacirət edənlərin sayı kəskin artıb


2021-ci ildə pandemiya məhdudiyyətlərinin aradan qalxması ilə Almaniyaya immiqrasiya yenidən artıb.


AFN.az HaberGlobal-a istinadən xəbər verir ki, 2021-ci ildə ölkəyə 1 milyon 320 min insan köç edib.

Almaniyada bu gün federal hökumət tərəfindən qəbul edilməsi gözlənilən miqrasiya hesabatına görə, 2021-ci ildə ölkəyə köç edən əhalinin sayı əvvəlki illə müqayisədə 11,5 faiz çoxdur. 2020-ci ildə korona tədbirləri çərçivəsində ölkəyə səyahətə məhdudiyyətlər qoyulub. 2021-ci ildə Almaniyanı tərk edərək başqa ölkələrdə yaşamağa başlayanların sayı da bir qədər artıb. İmmiqrasiyada artım nisbəti yüzdə 2,9 olaraq qeyd edilib. Beləliklə, 2021-ci ildə xalis miqrasiya pandemiyanın başlamadığı 2019-cu ilin səviyyəsini təxminən 329 min nəfər keçib.
Əvvəlki ildə olduğu kimi, 2021-ci ildə Almaniyaya köç edilən ölkələr arasında Rumıniya birincidir. Rumıniyadan bu ölkəyə köçənlərin sayı 202 min 686 nəfərdir. Siyahının ikinci pilləsində ölkəyə qayıdan Almaniya vətəndaşları, üçüncü yerdə Polşa, Bolqarıstan, Suriya və Türkiyədən gələnlər tutur.
Paytaxt Berlin Almaniyada əcnəbilərin ən çox yaşadığı şəhərlərdən biridir. 2021-ci il rəqəmlərinə görə, Berlində yaşayan hər beş nəfərdən biri (təxminən 20,2%) Almaniya vətəndaşı deyil. Bremendə bu nisbət yüzdə 19,3, Şimali Reyn-Vestfaliya əyalətində isə əcnəbilərin ümumi əhaliyə nisbəti təxminən 14 faizdir. 2021-ci ildə Almaniyaya köçən əhalinin əksəriyyəti kişilərdir. Federal Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə Almaniyaya 802 min kişi və 521 min qadın mühacirət edib.
2022-ci ildə cins nisbətində mənzərənin fərqli olacağı gözlənilir. Buna Rusiya-Ukrayna müharibəsinin təsiri az deyil. Belə ki, müharibə zamanı Ukraynadan Almaniyaya köçən 1 milyondan çox insanın əksəriyyətini qadınlar təşkil edir. Yaşıllar Partiyasından millət vəkili Misbah Xan mövzu ilə bağlı açıqlamasında, "Sosial təhlükəsizlik sistemlərimizi qorumaq və işçi qüvvəsi açığını aradan qaldırmaq üçün hər il 400 min insan yaşamaq və işləmək üçün Almaniyanı seçməlidir" - deyib. "Biz bütün cəmiyyət olaraq immiqrasiya ilə bağlı yaranmış çətinlikləri bir kənara qoymalıyıq və immiqrasiya ölkəsi kimi necə daha cəlbedici ola biləcəyimizi müzakirə etməliyik" - deyə Xan əlavə edib. Millət vəkili bu kontekstdə irqçi yanaşmaların aradan qaldırılmasına və Almaniyaya gəlişlərin asanlaşdırılmasına diqqəti çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu