Ermənistan Konstitusiyasında qonşu ölkələrə ərazi iddiaları izləri var - ŞƏRH
Ermənistan Konstitusiyasında qonşu ölkələrə ərazi iddiaları izləri var.
AFN.az xəbər verir ki, bu REAL sədrinin müavini Natiq Cəfərli deyib. O, qeyd edib ki, Paşinyanın son mətbuat konfransında verdiyi mesajlar çox önəmli idi: "Mənim diqqətimi çəkən məsələlərdən biri Ermənistan Konstitusiyası ilə bağlı yarı-açıq/yarı-gizli mesajlar oldu. Çox güman, Ermənistanda yeni referendum və konstitusiya dəyişikləri də gözlənilir".
N.Cəfərlinin sözlərinə görə, paralel olaraq Azərbaycanda da yeni Konstitusiya dəyişikliyi labüddür: "44 günlük Vətən savaşınında qələbəmizin hüquqi təsbiti, ölkənin yeni inzibati-ərazi bölgüsü, icra hakimiyyətlərinin ləğvi, yerli özünüidarəetmə və Mer institutunun təsisi və gücləndirilməsi, proporsional seçki, hökumətin parlamentdən çıxması, Naxçıvanın statusunun ləğvi və s. kimi çox vacib maddələr yer almalıdır.
Gördüyüm odur ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi imzalanmasa da, vacib sənədlərin imzalanması mümkündür. Azərbaycanın israrı nəticəsində bir neçə platformada paralel aparılan danışıqlar nəticəsini vermək üzrədir – rəsmi Bakının danışıqlar platformaları arasında rəqabət yaratması doğru taktiki addım idi ki, strateji nəticələr də verir".
N.Cəfərlinin fikrincə, Moskvada baş tutacaq Əliyev- Paşinyan görüşündə regionada kommunikasiyaların açılması ilə bağlı rəsmi protokol və sənəd, Moldovada (və ya bir neçə həftə sonra Brüsseldə) baş tutacaq görüşdə isə ölkələrin qarşılıqlı olaraq ərazi bütovlüyünün tanınması ilə bağlı sənəd və protokol imzalana bilər. "Hər iki sənəd qarşıda imzalanacaq böyük sülh sazişinin təməlini təşkil edə bilər. Bölgəmizdə sülhün bərqərar olması Şimaldan əsrlərdir gələn təhdidlərə sədd ola bilər, hamılıqla buna çalışmalıyıq!" - deyə ekspert qeyd edib.