İsrail İsveçdə Tövratın yandırılmasının qarşısını almağa çalışır
İsveç polisinin 50 yaşlarında bir qadına İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövratı yandırmasına icazə verməsindən sonra İsrail aksiyanın qarşısını almaq üçün çalışdığını açıqlayıb.
İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, xarici işlər naziri Eli Koen etirazın qarşısını almaq üçün isveçli həmkarı Tobias Billström ilə telefon danışığı aparıb.
Görüş zamanı Koen bildirib ki, İsveçdə Tövratın yandırılması aktı iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vura bilər.
İsveçdə Tövratın yandırılması şəklində bir aktın baş verəcəyi ilə bağlı açıqlamadan şoka düşdüyünü dilə gətirən Koen isveçli həmkarına "müqəddəs kitablara ziyan vurmaq təhlükəsinə son qoyulmalıdır" deyib.
Koen İsveç hökumətindən iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək bu hərəkətin qarşısını almasını gözlədiklərini vurğulayıb.
İsveçin dövlət televiziyası SVT bildirib ki, 50 yaşlarında bir qadın bu gün Stokholmdakı İsrail səfirliyi qarşısında Tövratı yandırmaq üçün polisdən icazə alıb. Polis aksiyada qadından başqa daha 3 nəfərin iştirak edəcəyini bildirib.
İsveçdə suriyalı müsəlman Əhməd Alluş iyulun 15-də İsrailin Stokholm səfirliyi qarşısında İncil və Tövratı yandırmağa icazə alsa da, müqəddəs kitablara hörmətini ifadə edərək İncil və Tövratı yandırmayıb.
Alluş bu cəhdi heç bir müqəddəs kitabın yandırılmaması lazım olduğuna diqqət çəkmək üçün etdiyini bildirib.