Türkiyə Fələstin-İsrail arasındakı gərginliyi azaltmaq üçün diplomatik əlaqələrə başlayıb


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail arasındakı gərginliyi azaltmaq üçün sıx diplomatik danışıqlara başlayıb.


Fidan Qətər, Səudiyyə Ərəbistanı, Misir, Fələstin, İran, ABŞ, İordaniya və İspaniyadan olan həmkarları ilə görüşüb.

Diplomatik əlaqələrini davam etdirən Hakan Fidan, İordaniya xarici işlər naziri Aymen əl-Safedi və İspaniya xarici işlər naziri Jose Manuel Albares ilə telefonda Fələstin və İsraildəki son hadisələri dəyərləndirib. Fidan həmkarları ilə görüşündə hücumların dayandırılması, dialoq kanallarının açıq saxlanılması lazım olduğunu bildirib.

"Biz İsrail və Fələstindəki zorakılıq və gərginlikdən dərin narahatıq. Bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq. Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və daha geniş əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bu kədərli hadisələr iki dövlətli həll vizyonunun əhəmiyyətini bir daha göstərir. Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və bu vizyona uyğun olaraq, daha çox gecikmədən qalıcı həll yoluna çalışmağa dəvət edirik”,- deyə Türkiyəli nazir bildirib.

Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyi Fələstin və İsraildəki Türkiyə vətəndaşlarına da xəbərdarlıq edib. Nazirlik bölgədəki hadisələrin yaxından izlənildiyini və xəbərdarlıq edildiyini bildirib.

"Vətəndaşlarımızın təhlükəsiz bağlı ərazilərdə qalmağa davam etmələri faydalı olacaq. Təl-Əvivdəki səfirliyimizi, Qüdsdəki Baş Konsulluğumuzu izləmələri tövsiyə olunur",- deyə Türkiyə XİN-dən qeyd olunub.

ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə və bir çox dünya liderlərinin zorakılığın azaldılması çağırışlarını dəstəklədiklərini açıqlayıb. ABŞ səfirliyi sosial media hesabında bununla bağlı paylaşım edib.

"Fələstində və İsraildə insanların böyük əzab çəkdiyinin şahidi oluruq. Biz Türkiyə hökuməti və bir çox dünya liderlərinə şiddətin mötədilliyi və azaldılması çağırışına qoşuluruq",- deyə paylaşımda göstərilib.

Qeyd edək ki, 7 oktyabr tarixində İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Trend



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu