Navalnıdan 8 gündür xəbər yoxdur
"Bu gün Moskvadakı istintaq təcridxanalarının əksəriyyətini yoxladıq. Onların heç birində Aleksey Navalnı yoxdur".
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, Alekseyin Moskvada olması və onunla istintaq hərəkətlərinin aparılması versiyası təsdiqini tapmayıb. “İstintaq hərəkətləri vəkillərsiz aparılmır. Bütün istintaq hərəkətləri artıq Vladimirdə keçirilib. 8 gündür ki, Aleksey Navalnının harada olduğunu bilmirik" - deyə o bildirib.
Navalnının mətbuat katibi Kira Yarmış öz növbəsində deyib: “Alekseyin “həkim nəzarəti altında” olması ilə bağlı şayiələr də yayılıb. Biz bu şayiələrə inanmırıq və onların təsdiqi də yoxdur. Aleksey üç ildir ki, heç bir tibbi yardım almır, bir ildən çoxdur ki, ona diş həkiminə getməyə belə icazə verilmir”.