Hakerlər "23andMe"nin sistemlərini sındırdı - 6,9 milyon profil ələ keçirilib
Hakerlər dünyanın ən böyük genetik test dəsti şirkətlərindən biri olan "23andMe"nin sistemlərini sındıraraq 6,9 milyon istifadəçinin məlumatlarını əldə ediblər.
Bu barədə "BBC" məlumat yayıb. İstifadəçilərin e-poçt ünvanlarını və üzvlük üçün istifadə etdikləri parolları başqa saytlarda sınayan hakerlər bir çox insanın hesabına daxil ola bilib.
Həftələrlə davam edən söz-söhbətlərdən sonra açıqlanan 6,9 milyonluq rəqəm şirkətin istifadəçilərinin yarısından çoxuna bərabərdir.
Oğurlanmış məlumatlar arasında DNT qeydləri olmasa da ailə ağacları, doğum illəri və yerlər kimi şəxsi məlumatların olduğu bildirilir.
İnsanların genetik xüsusiyyətlərini anlamaq, mənşəyi və naməlum qohumlarını tapmaq üçün istifadə etdikləri "23andMe"nin baş ofisi ABŞ-ın San Fransisko şəhərində yerləşir.
Şirkətdən verilən açıqlamada qeyd edilib ki, hakerlər bu qədər məlumatı sadəcə olaraq 14 min nəfərin hesabına daxil olmaqla əldə ediblər. Bu, 23andMe istifadəçilərinin 0,1 faizinə bərabərdir.
Lakin hakerlər bu şəxslərin hesabları vasitəsilə öz ailə ağaclarında olan digər şəxslərin müxtəlif məlumatlarını da əldə edə biliblər. Bu səbəbdən onların sayı 14 mindən 6,9 milyona yüksəlib.