G7-dən İsrailə xəbərdarlıq: Rəfaha hücum dağıdıcı nəticələrə səbəb olacaq


ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya, Yaponiya və Kanadadan ibarət G7-nin xarici işlər nazirləri İsraili Qəzzanın cənubunda mülki əhalinin sığındığı Rəfah şəhərinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib.


İtaliyanın sədrliyi dövründə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ilk iclasını keçirən G7 xarici işlər nazirlərinin birgə bəyanatında Qəzzada baş verən fəlakətli humanitar böhrana, xüsusilə də sığınan 1,5 milyon mülki vətəndaşa qarşı təcili tədbirlər görülməsinə çağırış edilib. Çağırışda Rəfah şəhərində İsrailin hərtərəfli hücumunun mülki vətəndaşları öldürəcəyini və bunun "potensial dağıdıcı nəticələrə" səbəb olacağı barədə xəbərdarlıq da əksini tapıb.

Bəyanatda Qəzzaya humanitar yardımın sürətli, təhlükəsiz və maneəsiz daxil olmasının mütləq prioritet olduğu vurğulanıb və bütün tərəflərin qida, su, tibbi xidmət, yanacaq, sığınacaq, telekommunikasiya və humanitar yardım işçilərinin çıxışı da daxil olmaqla mülki şəxslərə maneəsiz dəstək verməli olduğu qeyd edilib.

Yardım karvanlarının və humanitar məntəqələrin təhlükəsizliyi üçün effektiv sistemlərin yaradılması, BMT-nin daha çox rəsmisinin, yardımın paylanması üçün nəqliyyat vasitələrinin və avadanlığının daxil olmasına icazə verilməsi və humanitar yardımların ölkəyə giriş kanallarının əhəmiyyətli dərəcədə artırılması tələbi də sənəddə yer alıb.

G7 xarici işlər nazirləri fələstinli mülki şəxslərin Qəzzadan zorla çıxarılması riskindən narahat olduqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu