HƏMAS BMT rəsmisinin 7 oktyabr hücumları ilə bağlı hesabatına münasibət bildirib

HƏMAS 7 oktyabr hadisələri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin münaqişə zonalarında cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Pattenin hesabatına reaksiya verib.
Hərəkat BMT-nin xüsusi nümayəndəsi Pattenin İsrail hökumətinin dəvəti ilə cinsi zorakılıq iddialarını araşdırmaq üçün bölgəyə getdiyi, lakin məruz qalmış heç kimlə görüşə bilmədən hesabatı dərc etdiyi barədə açıqlama verib.
“Biz BMT nümayəndəsi Pattenin Fələstin müqavimət döyüşçülərinin 7 oktyabr hadisələri zamanı təcavüz və cinsi zorakılıq törətdiyini iddia edən hesabatını rədd edir və şiddətlə qınayırıq” - deyə bəyanatda bildirilib. Qeyd edilib ki, hesabat əsassız olduğu təsdiqlənmiş bu saxta ittihamı sübut etmək üçün sionistlərin uğursuz cəhdləri nəticəsində hazırlanıb.
Bəyanatda qeyd olunub ki, sionistlər Fələstin müqavimətini ləkələmək və BMT-nin fələstinli qadın və qızların məruz qaldıqları dəhşətli insan haqları pozuntularına dair qəti sübutların mövcudluğu ilə bağlı hesabatını ört-basdır etmək istəyirlər.
Açıqlamada bildirilib ki, nümayəndənin hesabatı hadisələrin qurbanı olduğu iddia edilən şəxslərin deyil, İsrail qurumları, əsgərləri və İsrail rəhbərliyinin seçdiyi şahidlər əsasında hazırlanıb.