Ağalar Vəliyev üçün yolun sonu göründü: “Qobu Park” rəzilliyi onun deputat karyerasını bitirir


“Qobu Park-3” yaşayış massivində məcburi köçkünlər üçün tikilən binanın əyilməsi ilə bağlı məlumat vermişdik.


Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib. Eyni zamanda, hadisə yerindən “İctimai” TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında “bir balaca” fərq yarandığı üçün bərkitmə işləri aparılır: “Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır”.
Onu da xatırladaq ki, bundan əvvəl eyni problem “Qobu Park-1” və “Qobu Park-2” yaşayış massivində də yaşanıb. “Qobu Park-3”-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdi. Elə həmin vaxtlarda binanı tikən şirkətin - “Kristal Abşeron”un ölkə rəhbərliyini aldatdığını yazmışdıq. Görünən odur ki, adıçəkilən şirkət aldatma məsələsində lap ağını çıxarıb.
Belə ki, “Qobu Park” yaşayış kompleksinin sifarişçisi “Paşa Holdinq”dir. Kompleksin təməli 2017-ci il mayın 30-da qoyulub. Təməlqoyma mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Cəmi bir il sonra – 2018-ci ilin 24 mayında isə Prezident İlham Əliyev kompleksə daxil olan “Qobu Park 1”-in açılışını edib. 2019-cu ilin oktyabrında yenə ölkə başçısının iştirakı ilə “Qobu Park 2”-nin açılış mərasimi keçirilib. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Bəs şirkəti bu rəzilliyə getməyə nə vadar edib? Axı “Kristal Abşeron” şirkətinin faktiki sahibi Ağalar Vəliyev 2010-cu ildən parlamentdə təmsil olunur. Baxmayaraq ki, halallıqla mandat sahibi olması böyük sual altındadır. Milli Məclisin stenoqramlarını incələyən hər kəs Ağalar Vəliyevin mandat sahibi olduğu 14 ildə 14 dəfə çıxış edib-etmədiyinə dair məlumat tapmaqda çətinlik çəkər. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!
Belə olan halda, ortaya haqlı olaraq və maraqlı sual çıxır: səni müftə yerə mandat sahibi edən, Milli Məclis kimi tribunadan susqunluğunla istifadə etmənə göz yuman hakimiyyətə niyə nankorluq edirsən? Təbii ki, Ağalar Vəliyev açıqlama verib deyə bilər ki, “Kristal Abşeron” onun şirkəti deyil. Lakin ictimai rəyi çaşdırmaq üçün tez-tez əl atdıqları bu variant təbii ki, hakimiyyət yanında keçərli deyil. Çünki “Kristal Abşeron” şirkətinin məhz A.Vəliyevə məxsus olduğunu hakimiyyətdəkilər çox gözəl bilirlər. O üzdən də artıq Ağalar Vəliyev üçün yolun sonu göründü demək olar. Artıq bu il keçirilməsi gözlənilən parlament seçkilərində ona yenidən mandat haqqının tanınıb-tanınmayacağını demək çətindir. Elə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də bildirilib ki, məsələ ilə bağlı araşdırmalar başlanacaq. Buna qədər isə aidiyyatı qurumlar belə halların olmadığını qeyd edirdilər və problemin üstünün ört-badır edildiyi açıq-aşkar ortada idi.
Bütün iddialarla, səsləndirilən hallarla bağlı “Kristal Abşeron” şirkətinin mövqeyini verməyə çalışdıq. Lakin şirkətin mətbuat xidmətinə dəfələrlə ünvanladığımız sorğular cavabsız qalıb. Eləcə də “Kristal Abşeron”un icraçı direktoru Məhayət Nəbiyevə etdiyimiz zənglərə cavab ala bilmədik. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu