Türk Mədəniyyəti və İrsi Fondu ingilis tərcüməçinin qonorarını ödəmir? - AÇIQLAMA


İan Peart Azərbaycan dilindən ingilis dilinə tərcüməçidir. O, klassik Azərbaycan poeziyası nümunələrindən tutmuş müasir dövr bədii mətnləri, tarix və incəsənətimizə aid əsərləri tərcümə edən bəlkə də yeganə ingilisdillidir. Əvvəl xanımı ilə tərcümə edirdi; xanımı azərbaycanlı idi və 23 il birlikdə yaşamışdılar, o rəhmətə gedəndən sonra tərcümə işinə qızı ilə davam edir.


AFN.az xəbər verir ki, bunu "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu öz feyzbuk səhifəsində yazıb. "İngilis dilində keyfiyyətli mətn görmək istəyən hər kəs ona müraciət edir. O da Azərbaycana qəlbən bağlı olduğundan, kültürümüzə, ədəbiyyatımıza və tariximizə aid olan heç bir mətnin tərcüməsindən imtina etmir, əksinə, xüsusi həssaslıq göstərir, bəzi faktları müxtəlif mənbələrdən təkrar-təkrar yoxlayır" - deyə Ş.Xuduoğlu qeyd edib.
Naşirin sözlərinə görə, xeyli müddət əvvəl Türk Mədəniyyəti və İrsi Fondu İan Peartın bir neçə ayını məşğul edən tərcümə sifariş edib: "Avans da ödəməyib. İşi təhvil verəndən sonra əvvəlcə, bu gün-sabaha saldılar, sonra isə "Rəhbərlik dəyişib, bizim məlumatımız yoxdur" deməklə qonorarı ödəməkdən imtina etdilər.
İan Peart çox vicdanlı, işində dəqiq biridir, tanıyanlar bunu yaxşı bilir. Yaşayışı, sağlamlığı, evinin xərcləri hamısı tərcüməyə bağlıdır.
Zəhmətin ödənməməsi, müraciətin iqnor edilməsi insanlığa zidd olmaqla yanaşı, hüquqa da ziddir. Bu məsələdə heç bir halda Türk Mədəniyyəti və İrsi fondu yaxasını kənara çəkə bilməz. Bir həftə ərzində İan Peartin qonorarını ödəməlidir. Əks halda, həmkarımızın haqlarını müdafiə etməklə bağlı məhkəməyə müracət edəcəyik".

Türk Mədəniyyəti və İrsi Fondundan AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu məlumat həqiqətə uyğun deyil: "Türk Mədəniyyəti və İrsi Fondu ilə cənab İan Peart arasında heç bir müqavilə və onun tərəfindən göstərilən xidmətlər barədə heç bir saziş imzalanmayıb.
Fondun cənab İan Peart qarşısında heç bir qanuni öhdəliyi yoxdur.
Biz qətiyyətlə bəyan edirik ki, Türk Mədəniyyəti və İrsi Fondu hər bir hüquqi və fiziki şəxs qarşısında götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir və yetirəcəkdir... Bildiririk ki, təşkilatımızın nüfuzuna və imicinə mənfi təsir göstərəcək hər hansı bir şəxs tərəfindən əsassız və yalan iddiaların qarşısının alınması üçün hüquqi tədbirlər görüləcəkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu