"Sipark İnşaat" sakinlərin pəncərəsini hasarlayıb - "Qanun pozuntusunun qarşısını almışıq..."


Nərimanov rayonu akademik Həsən Əliyev və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki ərazidən şikayət var.


AFN.az APA TV-yə istinadən xəbər verir ki, “Evrostroy-S.S” MMC-nin bir qolu olan "Sipark İnşaat"ın əməkdaşları ərazidəki digər yaşayış evlərinin qarşısını hasarlayaraq insanları gün işığına həsrət qoyublar.

"Valideynlərim 1980-ci ildən burda yaşayır. Gəlib qanunsuz şəkildə pəncərələrimizin qarşısına hasar çəkiblər. Səbəb də odur ki, bizim pəncərələrimiz "Sipark"ın həyətinə baxır. Halbuki bizim evlərimiz burada on illər əvvəldən mövcuddur. Şirkət hesab edir ki, bizim evlərimiz qanunsuzdur, qapı-pəncərələrimiz qanunsuz qoyulub" - deyə Nərgiz Ağakişiyeva bildirib.

Digər sakin Samir Səmədov isə 1978-ci ildən ərazidə yaşadıqlarını deyib: "Səhər-səhər durduq gördük ki, hasara alırlar buranı. İdmançıları töküblər, etiraz edənə də hədə-qorxu gəlirlər. Cəzaçəkmə müəssisəsində bizim evlərdən çox hava var. Evdə altı aylıq körpəm var, gün işığına, təmiz havaya həsrətdir".

"Sipark İnşaat"ın mətbuat xidmətinin rəhbəri İradə Nurəddinqızı açıqlamasında qeyd edib ki, binanın həyətyanı ərazisinə qonşu tərəfindən qeyri-qanuni qapı açılıb: "Biz bu qanun pozuntusunun qarşısını almağa çalışmışıq. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu qanun pozuntusuna yol verilib. Biz hüquqi dövlətdə yaşayırıq, əlaqədar qurumlara müraciət eləmişik, bildirmişik ki, bu tikilinin bizim binanın həyətyanı ərazisi ilə heç bir əlaqəsi yoxdur, ona görə də buradan qapı açılması qeyri-qanunidir".

Qeyd edək ki, "Sipark İnşaat" bundan əvvəl də neqativ halla bağlı gündəmdə olub. Belə ki, şirkət yaşıllıq ərazilərin məhv edilməsinə görə ittiham edilib. Bununla bağlı şirkətə qarşı 35 min manatlıq cərimə iddiası qaldırılıb.

Yuxarıda qeyd edilən problemlə bağlı isə Nərimanov Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu