Hacıqabul sakini energetika nazirindən nə istəyə bilər ki?! - EKSPERT


Mətbuatda tez-tez, “filan nazir filan rayonda vətəndaşları qəbul edəcək”, kimi məlumatlar yayılır, hökumət mediası bu tipli xəbərləri “bəh-bəhlə”, yaxşı bir iş kimi tirajlayır.


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, məsələn, bu gün saytlarda xəbər yayılıb ki, energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək: "Bu praktika ölkədə idarəetmə sisteminin köhnə və yararsız olduğunu sübut edir, hökumət ya bunu anlamır, ya da anlamaq istəmir. Hacıqabul sakini energetika nazirindən həmin nazirliyin işi ilə əlaqədar nə istəyə bilər ki?!
Belə görüşlərdə iştirak edən vətəndaşlarla, hətta bəzi məmurlarla söhbət etmişəm – vətəndaşların istək və arzularının 99%-i görüşə gələn nazirin işi ilə heç bir əlaqəsi olmur. Vətəndaşlar məmurdan iş yerləri (oğluna, qızına, gəlninə və s.), sosial problemlərin həllini, kiminsə müalicəsinə kömək edilməsini, yerli problemlərin (məsələn, kənd yolları, ictimai nəqliyyat, qəbiristanlığın bərbad olması, torpaq mülkiyyəti ilə yaranmış problemlərin həlli və s.) istəyirlər. Nazirin bu məsələlərə nə daxli var? Amma vətəndaşda bu suallar, problemlər yaranırsa, deməli sistem düz qurulmayıb, işləmir, çürüyüb".
N.Cəfərli qeyd edib ki, rayonlarda, şəhərlərdə icra hakimiyyəti institutu ləğv edilməlidir, yerli problemləri seçilmiş bələdiyyələr həll etməlidir: "Onların seçici-vətəndaş qarşısında məsuliyyəti yaranmalıdır. Təyinolunmuşlar təyin edənin qarşısında məsuliyyət daşıyır, onların vətəndaş qarşısında heç bir öhdəliyi olmur, ona görə də, məsələn, Hacıqabul sakini yerli problemin həllini energetika nazirindən istəməyə məcbur qalır.
Bir sözlə, rayonlarda nazirin vətəndaşı qəbul etməsi, orada yerli problemlərin həllinə çalışması indiki sistemin artıq yürümədiyini göstərir, bu fəxr ediləsi, PR qurulası məqam deyil, tam tərsinə, acil yeni idarəetmə sistemi haqqında qərarların alınması zərurətini subut edir..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu