İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu
Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Onun verdiyi şikayətə Şirvan Şəhər Məhkəməsində baxılıb.
Vəzifəli şəxs Sabirabadın Qəzli kənd sakini olan 1970-ci il təvəllüdlü Arif Məmmədovun Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Araşdırmalar zamanı məlum olub ki, 2023-cü ildə də H.Həsənov vətəndaşdan məhkəməyə şikayət edib. H.Həsənov A.Məmmədovun ictimaiyyət arasında onu təhqir etdiyini bildirib. Həmin vaxt Sabirabad Rayon Məhkəməsi işə baxıb və proses zamanı Arif Məmmədov vəzifəli şəxsdən məhkəmədə üzr istəyib. Bunu əsas götürən Sabirabad Rayon Məhkəməsi işə xitam verib. Lakin Həsən Həsənov Qəzli kənd sakini olan Arifin ictimaiyyət arasında – hamının qarşısında ondan üzr istəməsini də tələb edib. A.Məmmədov da bununla razılaşıb.
Bu səbəbdən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Quruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və Qəzli kənd sakinləri ilə keçirilən səyyar görüşünün vaxtı 2023-cü ilin noyabrından 2024-cü ilin 5 fevralına keçirilib. O tarixdə Quruzma kəndindəki şadlıq evlərindən birində icra başçısının sakinlərlə səyyar görüşü keçirilib və bütün rayon rəhbərliyi də orada olub. Arif Məmmədov görüşdə iştirak etsə də, mikrofonu götürərək icra başçısının birinci müavinindən üzr istəməyib.
Səyyar görüşdən sonra H.Həsənov Arif Məmmədovun onu yenidən təhqir etməsi iddiası ilə növbəti dəfə məhkəməyə üz tutub. O, akt tərtib etdirərək A.Məmmədovun insanlar arasında onu söydüyünü bildirib. Akta bir sıra vəzifəli şəxslər, eləcə də İcra Hakimiyyətinin əməkdaşları imza atıblar.
Eyni məzmunlu şikayətə bu dəfə Şirvan Şəhər Məhkəməsində baxılıb. Lakin məhkəmə A.Məmmədovun icra başçının müavinini yenidən təhqir etməsi iddiasını təsdiq edən sübutların yetərsiz olmasını əsas gətirərək ona bəraət verib.
Qafqazinfo