Şəhid yaxınları ağlayanda siz harda idiniz ki, onlar güləndə narahat olursuz? - Emin Tarverdiyev

İki il əvvəl bir şəhidin bacısının toyunda idik. Bəylə gəlin salona girəndən şəhid anasının gözünün yaşı dayanmırdı. Yerlim olduğu üçün ərklə gedib ağ saçlarından öpdüm, "eləmə, imkan ver toyu rahat yola verək" dedim. "Yaxşı" deyib gözlərini sildi, amma bəlkə də ağlaya bilmədiyindən rəngi də paltarı kimi qapqara idi.
Toy öz axarı ilə davam edən zaman bəy-gəlini rəqsə dəvət etdilər. Ətrafımızda olan şəhid valideynləri hamısı qalxıb alqışlasa da, gəlinimizin anası əllərini qaldırmırdı. Bu vaxt digər bir şəhid anamız gəlib durdu bəy-gəlinin qabağında, başladı gözəl bir rəqs eləməyə. Sonda da gəlinimizin anasına yaxınlaşıb dedi ki, "Mən də oğul itirmişəm, sən də. Mən oynadım ki, sən də əl qaldırasan". Və beləliklə o toyda olan bütün şəhid valideynləri əl qaldırıb oynadılar.
O gün mənə üç dəqiqə fərqilə iki video göndərdilər: "Bu rəqs edən şəhid anasıdır?" deyə soruşurdular. "Bəli, nə olub ki? Niyə bu video müzakirə olunur?" sualıma "Şəhid anası belə oynamamalıdır axı" cavabı yazan kimi hər iki adamın cavabını lazımınca verdim.
3-4 gün əvvəl ağstafalı şəhid Farizin doğum günü idi. Hansımız ziyarət etdik? Hansımız burdan durub getdik ora? Heç birimiz. Amma xanımı Əzizə körpələrini də götürüb Bakıdan Ağstafaya - Dağ Kəsəmənə maşın sürdü, gedib vəfa borcunu ödədi. Onu unutmadığını, əmanətlərinə sadiq olduğunu bildirdi. Bakıya qayıdan ərəfədə - ayrılıq zamanında Farizin anası Larisa xanımı qucaqlayıb bir video çəkib paylaşıb ki, "Sən Farizin mənə yadigarısan". Baho, bu videoya baxan bir çoxlarında qeyrət yada düşüb sonradan. Rəyləri oxuyanda imkanım olsaydı çoxunun o cüllüt boğazından tutub boğardım. Bəsdirin! Kişi olun! Az dil uzadın bu şəhid analarına, şəhid yarlarına!
Oturun, papağınızı (əgər varsa) qabağınıza qoyub yaxşı-yaxşı fikirləşin. Peyin iyi gələn beyninizə yenilənmə verin. Harda, hansı qanunda yazılıb ki, şəhid anası, şəhid xanımı toyda əl qaldırıb oynamaz, bəzənməz, ticarət mərkəzinə gedə və ya sosial şəbəkə hesabında canlı yayım aça bilməz? Göstərin mənə onu!
Sual edəcəm: "Onlar ağlayanda sizlər harda idiniz ki, indi onlar güləndə siz narahat olursuz?"
Bilin və agah olun: bu məmləkətdə, bu diyarda gəzmək də, gülmək də, ən gözəl ortamda olmaq da onların haqqıdır: həm şəhid valideynlərinin, həm şəhid yarlarının, həm də şəhid balalarının.
Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri